Özləri ilə ABŞ-yə yüzlərlə kilo yemək və aşpaz heyəti apardılar
Norveç Futbol Federasiyası 2026-cı il FIFA Dünya Çempionatı üçün ABŞ-yə qidalanma hazırlığı ilə yollanıb. “Qafqazinfo” xəbər verir ki, milli komandanın turnir zamanı adət etdiyi qidalanmadan uzaq qalmaması və performansın qorunması məqsədilə ABŞ-yə yüzlərlə kiloqram ərzaq və peşəkar aşpaz heyəti göndərilib. Plan çərçivəsində ABŞ-yə təxminən 300 kiloqram balıq, 116 kiloqram pendir və 6000 portağal aparıldığı bildirilir. Eyni zamanda, turnir boyunca komandanın qidalanmasına nəzarət etmək üçün üç norveçli aşpaz da heyətə qoşulub. Norveç Futbol Federasiyasının məqsədinin futbolçuların evdəki qida rejimini qorumaq və turnir ərzində fiziki hazırlığı maksimum səviyyədə saxlamaq olduğu qeyd olunur. Federasiya bu addımı idmançıların performansının yalnız məşqlə deyil, düzgün və tanış qidalanma ilə də birbaşa bağlı olduğu prinsipi ilə əsaslandırıb.

Şərh verin