İker Kasilyas "Portu"nu məhkəməyə verdi

İspaniya millisinin sabiq qapıçısı, dünya və Avropa çempionu İker Kasilyas keçmiş klubu "Portu" ilə bağlı məhkəmə iddiası qaldırıb. Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi qolkiper əmək qabiliyyətinin qismən itirilməsi və peşəkar karyerasını vaxtından əvvəl başa vurması ilə əlaqədar klubdan təzminat tələb edir. Kasilyasın Portuqaliya məhkəməsinə təqdim etdiyi iddiada 3,7 milyon avro məbləğində kompensasiya istədiyi bildirilir. Sabiq futbolçu hesab edir ki, klubun tibbi heyəti onun səhhəti ilə bağlı vəziyyəti düzgün qiymətləndirməyib və ürək problemi ilə bağlı ona həddindən artıq nikbin məlumat verib. O, həmçinin infarkt keçirməsində ağır məşq yüklərinin rol oynadığını iddia edir. 2015-ci ildə Real Madriddən ayrılaraq "Portu"ya transfer olunan Kasilyas burada da uğurlu çıxışı ilə yadda qalmışdı. Lakin 2019-cu ildə keçirdiyi infarktdan sonra karyerasını davam etdirə bilməmişdi. Qeyd edək ki, İker Kasilyas həm klub, həm də milli komanda səviyyəsində qazandığı çoxsaylı titullarla futbol tarixinin ən uğurlu qapıçılarından biri hesab olunur. Onun "Portu"ya qarşı qaldırdığı iddia futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Hüseyn