Neftçalanın icra başçısı səyyar görüş keçirdi — Fotolar

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu rayonun Pirəbbə kənd sakinləri ilə keçirib. “Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları iştirak ediblər. İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib. Səyyar qəbul zamanı Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib. Çıxış edən natiqlər “15 İyun- Xalqımızın və müstəqilliyimizin Qurtuluş tarixi” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, 15 İyun Azərbaycan xalqının müasir tarixində mühüm yer tutan əlamətdar gündür. 1993-cü ilin iyun ayında ölkədə yaranan mürəkkəb ictimai-siyasi vəziyyət, vətəndaş qarşıdurması təhlükəsi və dövlət müstəqilliyinin itirilməsi riski Azərbaycanı ciddi sınaqlarla üz-üzə qoymuşdu. Belə bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyətli rəhbərliyi və uzaqgörən siyasəti sayəsində ölkədə sabitlik bərpa olundu, vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət müstəqilliyi qorundu və möhkəmləndirildi. Sonrakı illərdə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar Azərbaycanın inkişafının əsasını qoydu, ölkəmizin beynəlxalq nüfuzu yüksəldi. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, 15 İyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyətə malik gündür. Bu tarix ölkəmizin müstəqilliyinin təhlükə qarşısında qaldığı mürəkkəb bir dövrdə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə bağlıdır. 1993-cü ildə ölkədə dərin siyasi böhran, xaos və parçalanma təhlükəsinin hökm sürdüyü bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etdi. Ümummilli Liderin uzaqgörən siyasəti, qətiyyətli rəhbərliyi və zəngin dövlətçilik təcrübəsi nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, dövlət idarəçiliyi möhkəmləndirildi və milli inkişafın əsasları yaradıldı. RİH-in başçısı bildirib ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, iqtisadi inkişafına və müstəqil dövlət kimi mövqeyinin güclənməsinə mühüm töhfələr verdi. Xüsusilə 1994-cü ildə imzalanan Əsrin Müqaviləsi ölkənin iqtisadi yüksəlişinin təməlini qoyaraq Azərbaycanı qlobal enerji xəritəsində strateji mövqeyə çıxardı. Ulu Öndər Heydər Əliyev milli birlik, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliğinə xüsusi önəm verib, Azərbaycançılıq məfkurəsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Onun müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin tərəqqisinə, suverenliyinin möhkəmlənməsinə və xalqın rifahının yüksəldilməsinə xidmət edir. Milli Qurtuluş Gününü qeyd edərkən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətlərini dərin ehtiramla yad edir, onun zəngin siyasi irsini gələcək nəsillərə örnək kimi təqdim edir. Ulu Öndərin ideyaları və siyasi kursu bu gün də Azərbaycanın inkişaf yoluna işıq salan etibarlı bələdçi olaraq qalır. RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib. Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolların təmiri, Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun təmiri və dayanacaq quraşdırılması, torpaqla təmin olunma, ev təmirinə köməklik, elektrik təsərrüfatının yenilənməsi, Bucaq suvarma kanalının lildən təmizlənməsi, Neftçala rayon Müşfiq Babayev adına Pirəbbə kənd ümumi orta ümumtəhsil məktəbinin bağlanmaması üçün köməklik, kəndlər arası marşurutun bərpa edilməsi, örüş təyinatlı torpaqların kateqoriyasının dəyişdirilərək səmərəli istifadəsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilmişdir. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı müzakirə olunub və onların həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.