Yeni temperatur rekordları qeydə alınacaq — İqlimdə fövqəladə dövr başlayır

Dünyaya təsir göstərməyə başlayan “El Nino” hava fenomeninin sürətlə gücləndiyi və qlobal miqyasda ekstremal hava hadisələri ilə rekord temperatur göstəricilərinə səbəb ola biləcək tarixi “Super El Nino”ya çevrilmək üzrə olduğu bildirilir. “Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) son hesabatında bildirilir. Qeyd edilir ki, tropik Sakit okeanda dəniz səthinin temperaturunun qeyri-adi yüksəlməsi ilə xarakterizə olunan “El Nino” prosesi rəsmi olaraq başlayıb. Vurğulanır ki, budəfəki “El Nino” 1950-ci illərdən bəri müşahidə olunan ən güclü hadisələrdən biri ola bilər. Okeanın dərin qatlarında toplanan isti su kütlələrinin səthə qalxması ilə əlaqələndirilən prosesin qış aylarına qədər davam edəcəyi proqnozlaşdırılır. “Super El Nino” adlandırılan vəziyyət dəniz səthinin temperaturunun normadan ən azı 2 dərəcə yüksək olması ilə xarakterizə olunur. Bu proses okeanlardan atmosferə böyük həcmdə istilik enerjisinin ötürülməsinə səbəb olur. Alimlər bildirirlər ki, bu, onsuz da qlobal istiləşmənin təsiri altında olan Yer kürəsində yeni temperatur rekordlarının qeydə alınması riskini artırır. “El Nino”nun güclənməsi planetin müxtəlif hissələrində ciddi hava dəyişikliklərinə yol aça bilər. Mütəxəssislər bəzi regionlarda quraqlıq və meşə yanğınlarının, digərlərində isə güclü yağışlar və daşqınların artacağını gözləyirlər. Proqnozlara görə, Avstraliya, İndoneziya və Cənubi Asiyada musson yağışlarının zəifləməsi quraqlıq riskini yüksəldəcək. Eyni zamanda, Amerikanın cənub hissələri və Afrikanın bəzi bölgələrində intensiv yağıntılar və qəfil daşqınlar baş verə bilər. Alimlər okean sularının isinməsinin dəniz ekosistemlərinə, xüsusilə mərcan riflərinə ciddi və uzunmüddətli zərər vuracağı barədə də xəbərdarlıq edirlər. Keçmişdə baş vermiş güclü “El Nino” hadisələri kənd təsərrüfatına, ərzaq təchizatına və iqtisadi artıma ciddi təsir göstərib. Bildirilir ki, bu dəfə vəziyyət daha mürəkkəb ola bilər. Bunun əsas səbəbi qlobal temperaturun artıq rekord səviyyələrə yaxın olmasıdır. Alimlər hesab edirlər ki, qlobal istiləşmə ilə üst-üstə düşən güclü “El Nino” hadisəsi daha gözlənilməz və dağıdıcı hava anomaliyalarına yol aça bilər.