DYP-dən məzunlara və valideynlərə vacib çağırış
Baş Dövlət Yol Polisi İdarəsi "Son zəng" tədbirləri ilə əlaqədar məzunlara, valideynlərə və müəllimlərə müraciət edib. Milli.Az xəbər verir ki, qurum ölkənin bütün bölgələrində keçiriləcək "Son zəng" mərasimlərinin iştirakçılarını təbrik edərək məzunlara gələcək həyatlarında uğurlar arzulayıb. Müraciətdə qeyd olunub ki, əvvəlki illərin təcrübəsi bəzi məzun və yeniyetmələrin bayram günü valideynlərinə və ya yaxınlarına məxsus avtomobilləri idarə etməyə çalışdıqlarını göstərir. Bu cür halların isə ağır yol-nəqliyyat hadisələri və digər xoşagəlməz nəticələrlə yekunlaşdığı vurğulanıb. DYP xatırladıb ki, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmək, həmçinin avtomobili belə şəxslərə həvalə etmək qanunla qadağandır və insanların həyatına ciddi təhlükə yaradır. Bildirilib ki, skuterlərin idarə olunması üçün müəyyən yaş məhdudiyyəti mövcuddur, moped və motosiklet sürmək üçün isə müvafiq sürücülük hüququ tələb edilir. Həmin nəqliyyat vasitələrinin qaydalara zidd şəkildə idarə olunması və təhlükəli manevrlər üçün istifadə edilməsi ağır qəzalarla nəticələnə bilər. Valideynlərə övladlarının davranışlarına daha diqqətlə nəzarət etmələri, onların həyat və sağlamlığı üçün risk yarada biləcək halların qarşısını vaxtında almaları tövsiyə olunub. Eyni zamanda avtomobil icarəsi ilə məşğul olan fiziki və hüquqi şəxslərə nəqliyyat vasitələrini sürücülük hüququ olmayan şəxslərə verməmək çağırışı edilib. Qeyd olunub ki, "Son zəng" günü məktəblərin ətrafında, məzunların daha çox toplaşdığı ərazilərdə və hərəkətin intensiv olduğu istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək. DYP bütün hərəkət iştirakçılarını polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyə və təhlükəsizlik qaydalarına məsuliyyətlə yanaşmağa çağırıb. Məzunlara müraciətdə isə bildirilib ki, həyatlarının bu əlamətdar gününü təhlükəsiz keçirmələri, özlərinin və ətrafdakı insanların həyatını risk altına salacaq davranışlardan uzaq durmaları vacibdir. Sonda bütün məzunlara sağlamlıq, təhlükəsiz gələcək və yeni həyat mərhələsində uğurlar arzulanıb. Aysel

Şərh verin