Yasamal ictimaiyyəti Milli Qurtuluş Gününü qeyd edib — Fotolar

Yasamal rayonunun ictimaiyyəti 15 İyun - Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edib. “Qafqazinfo” xəbər verir ki, bu münasibətlə Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bayram tədbiri keçirilib. Tədbirdən əvvəl iştirakçılar Ulu Öndərin əziz xatirəsini Fəxri Xiyabandakı məzarı önündə yad ediblər. Tədbir iştirakçıları 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş qısa metrajlı filmə baxış keçiriblər. Tədbirdə geniş nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Azərbaycan dilində qurtuluş sözünün mənası xilas olmaq anlamını daşıyır. 1993-cü ildə Azərbaycan xalqı parçalanmaqdan, hakimiyyətdəki təsadüfi insanlardan və ümumiyyətlə xəritədən silinməkdən xilas oldu. Biz 1991-ci ildə müstəqillik əldə etdik, lakin 1992-ci ildə hakimiyyətə gəlmiş naşı insanların bərbad idarəçiliyi nəticəsində fəlakətlə üz-üzə qalmışdıq. Bu təhlükəni görən Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və Azərbaycanı böyük bəladan qurtardı: atəşkəs rejimi əldə edildi, beynəlxalq aləm Azərbaycanı tanıdı, ölkədə sabitlik yarandı, “Əsrin müqaviləsi” imzalandı. Elşad Həsənov bildirib ki, bu gün Ümumilli Liderin siyasətini, onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev qətiyyətlə davam etdirir. Cənab Prezidentin apardığı siyasət Azərbaycanı hər sahədə uğura aparır. 15 iyun Milli Qurtuluş günü tariximizin digər böyük bir tarixi ilə bağlıdır- 8 noyabr Zəfər günü. Zəfər gününə gedən yol məhz Milli Qurtuluş günündən başladı. 1993-cü ildə Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi, 2020-ci ildə isə cənab Prezident İlham Əliyev Qarabağı erməni işğalçılarından qurtardı. Qeyd olunub ki, bu gün Qarabağda böyük miqyaslı bərpa-quruculuq işləri görülür və Birinci vitse-prezidentimiz Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağdakı milli-mənəvi abidələrimizi bərpa edir. Elşad Həsənov vurğulayəb ki, Heydər Əliyev Azərbaycanı məhz belə görmək istəyib: sürətlə inkişaf edən, torpaqları azad edilmiş və güclü liderin rəhbərlik etdiyi bir ölkə. Tədbir bədii hissə ilə başa çatıb.