“Güclü Ermənistan” da seçki nəticələrinin ləğvini tələb etdi

“Güclü Ermənistan” partiyası parlament seçkilərinin nəticələrinin etibarsız hesab olunması tələbi ilə Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. “Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə partiyanın nümayəndəsi Aram Vardevanyan bildirib. Onun sözlərinə görə, müraciət təkcə seçki günü baş vermiş pozuntularla bağlı deyil, həm də ümumilikdə seçki prosesi ilə bağlıdır. Vardevanyan bu seçkilərin 2021-ci il seçkiləri ilə müqayisədə daha pis keçdiyini iddia edib. Xatırladaq ki, iyunun 7-si Ermənistanda parlament seçkiləri keçirilib. Deputat mandatları uğrunda 2 blok və 16 siyasi partiya mübarizə aparıb. İlkin nəticələrə görə, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 49,81 faiz səslə qalib gəlib. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,3 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,9 faiz səs toplayıb. Seçkilərin yekun nəticələri iyunun 14-ü elan ediləcək. Daha əvvəl “Ermənistan” bloku da parlament seçkilərinin ilkin nəticələrinə məhkəmədə etiraz edəcəyini açıqlamışdı .