“Heydər Əliyev: Halın tərcüməsi” sənədli filminin təqdimatı olub — Fotolar

İyunun 12-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: Halın tərcüməsi” sənədli filminümayiş olunub. “Qafqazinfo” xəbər verir ki, “REAL TV”nin baş direktoru Mir Şahin Ağayevin müəllifi olduğu və Azərbaycan Respublikası Audiovizual Şurasının dəstəyi ilə istehsal edilən sənədli film müxtəlif illərdə Ümummilli Lider Heydər Əliyevin verdiyi müsahibələr, çıxışlar və nadir arxiv materialları əsasında hazırlanıb. Mir Şahin Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda bu tip filmlərin xüsusi əhəmiyyəti var: “Əslində, mən sadəcə bir ötürücü olaraq bu prosesdə iştirak etdim. Bizim hamımızın yerinə ulu öndər özü danışdı. Təxminən 50 dəqiqəlik filmdə siz Heydər Əliyevin öz dilindən həm Azərbaycanın tarixini, həm də onun ictimai-siyasi tarixini izlədiniz, eşitdiniz və gördünüz. Azərbaycan, bütün dünya kimi ənənəvi tarixdən rəqəmsal tarixə keçid dövrünü yaşayır. Belə bir vaxtda bu tip filmlərin xüsusi əhəmiyyəti var. Çünki yaddaş məhz belə işlər vasitəsilə qorunub saxlanılır. Rəqəmsal platformalarda nəyisə yadda saxlamaq, eyni zamanda, onu anidən itirmək riski ilə də müşayiət olunur. Bu filmlər insanların yaddaşında böyük hadisələrin qalmasına vəsilə olmaq üçün çəkilir”. Real Təhlil İnformasiya Mərkəzinin istehsalı olan ‘’Heydər Əliyev: Halın tərcüməsi’’ sənədli filmi Azərbaycanın ən yeni tarixinin xronologiyasını fərqli və unikal kinematoqrafik bədii ifadə vasitələri ilə izləyir. Təqdimat mərasiminin məqsədi Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin, azərbaycançılıq məfkurəsinin və zəngin dövlətçilik irsinin daha dərindən öyrənilməsi və geniş təbliğinə töhfə verməkdir. Filmin rejissoru Kamran Qasımov isə qeyd edib ki, filmdə müxtəlif qurumların arxiv materiallarından da istifadə olunub: “Belə filmlərdə maksimum dərəcədə xronikaya ehtiyac var. Çünki bu müsahibələr film üçün çəkilməyib. Onlar veriliş və müsahibə məqsədilə lentə alınıb, yəni dövrün audiovizual informasiya daşıyıcısıdır. Amma biz bütün bunları filmə çevirdik. Bədii ifadə vasitələri, kinematoqrafiya və kino dili ilə həmin materialları tamaşaçıya təqdim etdik ki, onlar yadda qalsın. Çünki faktların özü, materiallar və müsahibələr olduqca zəngin və dolğundur”. Məlumat üçün bildirək ki, sənədli filmdə XX əsrin sonlarında baş vermiş qlobal siyasi dəyişikliklərə, Sovet İttifaqının süqutu, Azərbaycanın mürəkkəb ictimai-siyasi böhranlardan çıxışı və müstəqil dövlət quruculuğu prosesinə birbaşa tarixi faktlar və arxiv materialları vasitəsilə nəzər salınır. Filmdə Azərbaycanın müasir tarixinin taleyüklü mərhələləri, dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi prosesi, milli dövlətçilik ideyasının inkişafı və Ulu Öndərin siyasi fəaliyyətinin müxtəlif istiqamətləri əks olunub. “Azərbaycanın dövlət müstəqilliyi necə bərpa olundu?”, “Dövlət necə quruldu, hansı mürəkkəb tarixi proseslərdən keçdi və ən əsası möhkəmləndi?” kimi suallarını filmdə Ulu Öndərin özü cavablandırır. 55 dəqiqəlik ekran işində Ümummilli Liderin müsahibələrini eksklüziv və unikal tarixi kadrlar müşayiət edir. Ekran əsəri müasir Azərbaycan dövlətçiliyinin formalaşması tarixinin öyrənilməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və gənc nəslin vətənpərvərlik ruhunda maarifləndirilməsinə xidmət edir. Lamiyə Məmmədova Fotolar: Xəyal Vəlizadə