Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə: El-Ninyo rekord qıra bilər

Sakit okeanda inkişaf edən El-Ninyo iqlim hadisəsinin son onilliklərin ən güclü nümunələrindən birinə çevrilə biləcəyi bildirilir. Milli.Az xəbər verir ki, hazırkı proses 1997-ci ildə qeydə alınmış rekord El-Ninyo ilə müqayisə oluna, hətta onun təsir gücünü üstələyə bilər. ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin qiymətləndirmələrinə əsasən, bu hadisənin müşahidə tarixinin ən güclü El-Ninyolarından biri olması ehtimalı 63 faizdir. Alimlərin fikrincə, El-Ninyo qlobal istiləşmənin yaratdığı problemləri daha da kəskinləşdirir. Nəticədə dünyanın müxtəlif bölgələrində həddindən artıq istilər, uzunmüddətli quraqlıqlar, güclü yağışlar, daşqınlar və meşə yanğınlarının sayı arta bilər. BMT də məsələ ilə bağlı narahatlığını ifadə edərək baş verənləri qlobal iqlim üçün ciddi xəbərdarlıq kimi qiymətləndirib. Qurumun qənaətinə görə, fenomen iqlim dəyişikliyinin onsuz da yaratdığı riskləri daha da artırır. Mütəxəssislər bildirirlər ki, El-Ninyonun təsiri regiondan-regiona fərqlənəcək. Belə ki, Cənubi Amerikanın bəzi hissələrində intensiv yağıntılar və daşqınlar müşahidə oluna bilər. Avstraliyada quraqlıq və yanğın təhlükəsinin artacağı, Hindistanda isə istilik dalğalarının daha da güclənəcəyi proqnozlaşdırılır. Ekspertlərin hesablamalarına görə, El-Ninyo bu ilin payız və ya qış aylarında ən yüksək mərhələsinə çata bilər. Onlar xəbərdarlıq edirlər ki, hadisənin təsirləri təkcə hava şəraitində deyil, həm də kənd təsərrüfatı, enerji və digər iqtisadi sahələrdə hiss oluna bilər. Qeyd edək ki, El-Ninyo Sakit okeanın ekvatorial hissəsində okean sularının normadan artıq istiləşməsi nəticəsində yaranan təbii iqlim hadisəsidir. Bu proses atmosfer dövranını dəyişdirərək dünyanın müxtəlif bölgələrində hava şəraitinə əhəmiyyətli təsir göstərir