Ağdamda Allahverdi Bağırovun anım günü qeyd edildi — Fotolar

Ağdam Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anım günü qeyd edilib. “Qafqazinfo” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə RİH başçısı Vaqif Həsənov, Aparatın əməkdaşları, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları “Şəhidlər” Abidə Kompleksinin önünə gül dəstələri düzərək şəhidlərin ruhuna ehtiramlarını ifadə ediblər. Ağdam Muğam Mərkəzində davam edən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Tədbirdə Milli Qəhrəmanın keçdiyi döyüş yolundan bəhs edən “Mətin komandir” adlı sənədli film nümayiş etdirilib. Çıxış edən Vaqif Həsənov və digər natiqlər Allahverdi Bağırovun Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi misilsiz qəhrəmanlıqdan, xalqın azadlığı naminə fədakarlıqla mübarizə aparmasından və bu müqəddəs amal uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalmasından bəhs ediblər. Sonda Milli Qəhrəmanın ailə üzvləri çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.