Kadırovun oğlu 2-ci dəfə “Çeçenistan Qəhrəmanı” oldu

Çeçenistan rəhbəri Ramzan Kadırovun 18 yaşlı oğlu Adam Kadırov “Çeçenistan Respublikasının Qəhrəmanı” adına layiq görülüb. “Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, respublikanın ən ali mükafatını ona atası Ramzan Kadırov təqdim edib. Çeçenistan hökumətinin rəhbəri Maqomed Daudov Adam Kadırovun bu mükafata “dövlət qarşısında mühüm xidmətlərinə, xalqa fədakar xidmətinə, “xüsusi hərbi əməliyyat”ın hərtərəfli dəstəklənməsinə yönəlmiş fəal və səmərəli fəaliyyəti”nə görə layiq görüldüyünü açıqlayıb. “Bu mükafat Adam Ramzanoviçin vətənpərvərliyinin, məsuliyyətinin və Vətəninə sədaqətinin layiqli təsdiqidir. Adam öz əməyi ilə hər gün Vətənə və xalqın maraqlarına xidmətin ali prinsiplərinə sadiqliyini sübut edir”, - Daudov bildirib. Qeyd edək ki, daha əvvəl o, 2023-cü ildə “Qurani-i Kərim” kitabını yandırmaqda təqsirləndirilərək saxlanılan Nikita Juravel adlı gənci döyməsinin görüntüləri yayıldıqdan sonra “Çeçenistan Respublikasının Qəhrəmanı” adına layiq görülmüşdü. Həmin vaxt onun bu mükafatı alması “Qurani-i Kərim”i əzbər öyrənib “Hafiz” adına layiq görülməsi, həmçinin idman sahəsində çoxsaylı nailiyyələr qazanması ilə izah olunmuşdu. Xatırladaq ki, A.Kadırov 2025-ci ilin aprel ayında respublikanın Təhlükəsizlik Şurasının katibi elan edilib .