FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi — Fotolar
Fövqəladə Hallar Nazirliyinin (FHN) qurum və regional mərkəzlərində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib. Əvvəlcə, FHN əməkdaşları Heydər Əliyev mərkəzlərində Ulu Öndərin nümunəvi həyat yolunu və zəngin ictimai-siyasi irsini əks etdirən materiallar və eksponatlarla tanış olublar. Tədbirlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Dahi Rəhbərin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirlərdə 1993-cü ilin iyununa qısa tarixi ekskurs edilib, Ulu Öndər Heydər Əliyevin misilsiz xilaskarlıq missiyasının əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, o dövrdə Azərbaycanda cərəyan edən xaos, daxili hərcmərclik və mövcud siyasi hakimiyyətin səriştəsizliyi xalqı ağır sosial-iqtisadi vəziyyətə salmış, vətəndaş müharibəsi və ölkəmizin müstəqilliyinin itirilməsi təhlükəsi yaranmışdı. Belə ağır məqamda Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Dahi Rəhbər Heydər Əliyev dağılmaq, müstəqilliyini itirmək təhlükəsində olan ölkəmizi qısa müddətdə davamlı inkişaf yoluna çıxardı. Qeyd olunub ki, Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə həyata keçirilən çoxşaxəli islahatlar və uzaqgörən siyasət sayəsində ölkədə hərtərəfli tərəqqi təmin edilməklə yanaşı, respublikamız beynəlxalq birliyin nüfuzlu və bərabərhüquqlu üzvünə çevirildi. Tədbirlərdə vurğulanıb ki, Ulu Öndərin mütərəqqi siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan regionun liderinə çevrilməklə qlobal müstəvidə etibarlı tərəfdaş kimi böyük nüfuz sahibidir. Müzəffər Ali Baş Komandanın siyasi uzaqgörənliyi və qətiyyəti, sarsılmaz Prezident-Xalq-Ordu birliyi sayəsində 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri nəticəsində tariximizin ən parlaq səhifəsi yazıldı, çoxillik işğala və separatizmə son qoyularaq ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Tədbirlərdə Qurtuluş Günündən bəhs edən videoçarx nümayiş olunub.

Şərh verin