İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir

Bakıda keçiriləcək İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş "İslam İnkişaf Bankı Qrupunun 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsi 2026"nın ("5-ci IsDB Group Startups & Innovation Pitch Competition 2026") növbəti mərhələsinə start verilib. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə həyata keçirilən müsabiqəyə Azərbaycandan 200-dən çox müraciət daxil olub. İİB-nin qiymətləndirmə platforması vasitəsilə aparılan seçim prosesi nəticəsində 6 strateji innovasiya istiqaməti üzrə 25 startap müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə 14-16 iyun tarixlərində "Bakı KOB evi"ndə üç günlük "Bootcamp" proqramı keçiriləcək. Proqram çərçivəsində seçilmiş startaplar təqdimat bacarıqlarının inkişaf etdirilməsi, biznes modellərinin təkmilləşdirilməsi, investorlarla effektiv kommunikasiya və investisiya cəlbetmə imkanlarının artırılması istiqamətində intensiv təlim və mentorluq sessiyalarında iştirak edəcəklər. Proqrama innovasiya və sahibkarlıq sahəsində yerli və beynəlxalq təcrübəyə malik ekspert və mentorlar cəlb olunublar. Müsabiqənin nəticələri isə iyunun 17-də Bakı Konqres Mərkəzində keçiriləcək "Strateji bilik dialoqu və qlobal təqdimat günü"ndə ("Strategic Knowledge Dialogue & Global Demo Day") elan olunacaq. "Demo Day"də innovasiya, süni intellekt, maliyyə, ticarət və sahibkarlıq mövzularına həsr olunmuş panel müzakirələrlə yanaşı, finala vəsiqə qazanan 12 startap beynəlxalq investorlar və ekspertlər qarşısında öz layihələrini təqdim edəcəklər. Final mərhələsində iştirakçıların çıxışları Azərbaycan Respublikası və İİB tərəfindən müəyyən edilmiş beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin yekununda ümumilikdə 9 qalib müəyyən ediləcək və onlara mükafatlar təqdim olunacaqdır. Müsabiqənin keçirilməsində əsas məqsəd innovativ sahibkarlığın inkişafına dəstək göstərmək, perspektivli startapların investorlarla əməkdaşlıq imkanlarını genişləndirmək, onların beynəlxalq bazarlara çıxışını təşviq etmək və Azərbaycanın innovasiya ekosisteminin qlobal əməkdaşlıq platformalarına inteqrasiyasına töhfə verməkdir.