Montella Türkiyənin Avstraliya ilə oyunundan danışdı
Türkiyə milli komandası DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Avstraliya yığması ilə üz-üzə gələcək. Milli.Az qafqazinfo -ya istinadən xəbər verir ki, "ay-ulduzlular"ın baş məşqçisi Vinçentso Montella oyundan əvvəl keçirilən mətbuat konfransında açıqlamalar verib. "24 ildir gözlədiyimiz bu oyundan əvvəl çox həyəcanlıyıq. Yaxşı oyun nümayiş etdirəcəyimizə inanırıq. Dünya çempionatında bizi hansı çətinliklər gözlədiyini bilirik. Bunun öhdəsindən gələ biləcəyimizə inanırıq və bu turnirin dadını çıxarmaq istəyirik. Ölkəmizi qürurlandırmaq niyyətindəyik. İstəkli komandamız var və milyonlarla insanın bizdən gözləntisinin olduğunu bilirik. Futbolçularımıza öz oyunlarını oynamalarını və rahat olmalarını tapşırdım. İndiyədək necə irəliləmişiksə, eyni şəkildə davam etməliyik. Tələsməyəcəyik, səbirli şəkildə öz futbolumuzu oynayacağıq", - o bildirib. Montella Avstraliya millisini də tərifləyib: "Onların sürətli futbolçuları var və hücumda təhlükəli ola bilirlər. Çətin oyun gözləyirəm. Öz oyunumuzu nümayiş etdirməli və rəqibə çox imkan verməməliyik. Fiziki baxımdan güclü komandaya qarşı oynayacağımızı bilirik. Sabah həm fiziki, həm də texniki keyfiyyətlərimizi ortaya qoymalıyıq". Baş məşqçi futbolçuların son durumu barədə də danışıb. O, komandanın psixoloji cəhətdən hər vəziyyətə hazır olmasının vacibliyini qeyd edib: "Rəqibin xüsusiyyətlərinə uyğun hazırlaşmışıq və bunun üzərində çox çalışmışıq. Bütün futbolçularımız müəyyən çətinlikləri aşaraq meydana çıxırlar. Hazırda Arda Gülər, Hakan Çalhanoğlu və Kenan Yıldızın 100 dəqiqə oynaya biləcəyinə tam əmin deyiləm. Bununla bağlı bəzi suallarım var". Qrupdakı rəqiblərlə bağlı suala cavab verən Montella komandaların güc baxımından bir-birinə yaxın olduğunu deyib: "Qrupumuzda bütün komandalar növbəti mərhələyə yüksəlməyə ümid edir. İlk oyun çox önəmlidir. Qələbə gələcək üçün bizə ciddi üstünlük qazandıra bilər. Ancaq addım-addım irəliləməli və ilk növbədə öz oyunumuzu düşünməliyik".

Şərh verin