Pullarını saymaq üçün 31 min 700 il lazımdır

"SpaceX" şirkətinin səhmlərinin ilkin kütləvi təklifi (IPO) nəticəsində tarixdə ilk trilyonçu olan amerikalı sahibkar İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazım olar. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, "New York" jurnalında yazılmış məqalədə öz əksini tapıb. Bu nəhəng rəqəmin miqyasını izah etmək üçün jurnal qeyd edib ki, Mask trilyon dollar əsginası saniyədə bir əsginas olmaqla fasiləsiz saymağa başlasa, bu proses təxminən 31 min 700 il çəkər. Həmçinin bu əsginaslar bir-birinin üzərinə yığılsaydı, təxminən 67 min 866 mil hündürlüyündə bir qüllə əmələ gətirərdi. Bu pullarla 450-dən çox Olimpiya üzgüçülük hovuzunu doldurmaq olar. Əgər bir trilyon dollar ABŞ-dəki təxminən 128 milyon ailə arasında bölüşdürülərsə, hər ailəyə təxminən 7800 dollar düşərdi. Bu isə hər nəfərə təxminən 3000 dollara yaxın məbləğ deməkdir. "9i Capital Group" şirkətinin baş icraçı direktoru Kevin Tompson deyib ki, insanların əksəriyyəti bir trilyon dolların miqyasını dərk etmir. Belə ki, xalis sərvət nağd pul likvidliyindən fərqlidir. Xalis sərvət sahibinə aktivlərini qoruyaraq, eyni zamanda, böyük həcmdə borc alma və investisiya əldə etmək imkanı verir. Bir trilyon dollar həcmində sərvət bir çox ölkənin illik ÜDM-nə bərabərdir. Bu da o deməkdir ki, İlon Mask artıq ortaölçülü milli iqtisadiyyatlara bərabər maliyyə gücünə sahibdir. Məsələn, bu sərvət İsveçrə kimi ölkələrin illik ümumi daxili məhsuluna (təxminən 970 milyard dollar) yaxındır. Onun sərvəti, həmçinin təxminən 1,2 trilyon dollar həcmdə iqtisadiyyata malik Niderland iqtisadiyyatına da yaxınlaşır. Bununla yanaşı, jurnal əlavə edib ki, İlon Maskın sərvətinin böyük hissəsi nağd pul şəklində bank hesablarında olan vəsait deyil, "Tesla" və "SpaceX" kimi şirkətlərdəki səhmlərinə bağlıdır. Bundan əlavə, səhmlərin kütləvi şəkildə dərhal satılmasına mane olan birja və IPO məhdudiyyətləri səbəbindən, o, böyük miqdarda səhmi bir anda nağd pula çevirə bilməz. Bu da o deməkdir ki, göstərilən rəqəm onun mövcud likvid pul vəsaitindən daha çox, sahib olduğu aktivlərin bazar dəyərini əks etdirir.