Abşeronda Milli Qurtuluş Günü təntənə ilə qeyd edildi — Fotolar

15 iyun – Milli Qurtuluş Günü münasibətilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında konsert proqramı təşkil olunub. “Qafqazinfo” xəbər verir ki, öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər Ulu Öndərin abidəsini ziyarət edərək dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatşılığı ilə keçirilən təntənəli bayram konsertində şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. Tədbir zamanı bildirilib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkəmizdə vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının və ölkənin parçalanmasının qarşısı alınıb və bugünki inkişafımızın əsası qoyulub. Respublikamızın xalq və əməkdar artistlərinin, sevilən mədəniyyət və incəsənət xadimlərinin təqdim etdiyi və sakinlərin böyük coşqu ilə iştirak etdiyi konsert proqramı atəşfəşanlıqla sona çatıb. Qeyd edək ki, konsert zamanı rayon ictimaiyyəti adından Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova tərəfindən şəhid Elsəvər Paşayevin qızı Nəzrin Paşayeva doğum günü ilə əlaqədar təbrik edilib. O cümlədən şəhid övladlarının hazırladıqları rəqs nömrəsi hər kəsin könlünü oxşayıb.