Urbisid İrəvanı necə şəkilləndirdi? — Makronun qulaqardı etdiyi tarix
Fransa Prezidenti Emmanuel Makron, Avropa Siyasi İcmasının bu yaxınlarda Yerevanda keçirilmiş zirvə toplantısı çərçivəsində öz rəsmi ziyarət proqramını dövlət səfəri ilə birləşdirib. Özlərini nə az nə çox “cüt bacılar” adlandıran İrəvan və Parisin “xüsusi münasibətləri” bir çox vəchlə gözlər önünə sərgilənib: şəhərdə birgə gəzinti, İrəvan küçələrində səhər yürüyüşü və nəhayət, yaddaqalan və təsirli bir an: Prezident Makron erməniəsilli məşhur fransız müğənnisi Şarl Aznavurun ölməz əsəri hesab olunan “La Bohème” adlı mahnını ifa edir, Ermənistan Baş naziri Nikol Paşinyan isə onu nağarada müşayiət edir. Yaxşı məlumdur ki, “La Bohème”, əslində, Parisin təmtəraqlı həyat tərzinə, xüsusən də onun küçə rəssamlarına bir ithafdır. Rəsmi videoda müxtəlif bucaqlardan Parisin gözbəbəkləri hesab olunan Monmartr təpəsi üzərində yerləşən “Müqəddəs Ürək” kilsəsi, Renuar, Vinsent van Qoq və Pablo Pikasso kimi rəssamların əsərlərində ölməzlik qazanmış və öz məşhurluğu ilə kilsədən heç də geri qalmayan “Mulen de la Qalet” külək dəyirmanı, Monmartrın düz ortasından keçən əsrarəngiz daş örtüklü küçələr, “Monmartrlı Müqəddəs İoann” kilsəsi, eləcə də, yanından Monmart təpəsinə qalxan funikulyorun ötüb keçdiyi Foyatye küçəsindəki nərdivan nümayiş olunur. Parisin küçə rəssamlarının onillər əvvəl öz əsərlərində vəsf etdiyi bütün bu sənət əsərləri indiyənə qədər durur, onlara bu gün də tamaşa etmək mümkündür. Bu abidələr, saysız-hesabsız müharibə və siyasi təlatümlərə baxmayaraq günümüzə qədər heç bir dəyişikliyə məruz qalmamışdır. Yaxşı deyiblər ki, “Paris elə həmişəki Parisdir”. Buna müqabil XIX əsrdə və XX əsrin əvvəllərində bir sıra başqa rəssamlar öz əsərlərində digər bir yaşayış məntəqəsinin, bu gün Ermənistan Respublikasının paytaxtı hesab olunan şəhərin gözəlliklərini əks etdirməklə məşğul idilər. O zamanlar bu şəhər Yerevan yox, vaxtilə onun əsasını qoymuş Rəvanqulu xanın adına ithaf olaraq İrəvan, yaxud Erivan adlanırdı. O dövrün rəsm əsərlərində və qravüralarında İrəvan qalasını, xan saraylarını, məscid günbəzlərini və Şərq üslubunda bəzədilmiş interyerləri görmək mümkündür. Məsələn, bu tablo “İrəvan qalasının alınması” adlanır və döyüş səhnələrinin təsviri ilə tanınmış Rusiyalı rəssam Frans Ruboya məxsusdur. Üfüqdə, Ermənistanda Ararat kimi bilinən Ağrı Dağı silsiləsini, şəhərin panoramasını, məscid günbəzlərini və minarələrini görmək mümkündür. Bu rəsm əsərlərinin müəllifi isə digər bir Rusiyalı rəssam, memar və knyaz Qriqori Qaqarindir. Onun “İrəvan xanının iqamətgahında” adlı əsərində İrəvan xanının sarayındakı Şərq üslubunda bəzədilmiş cahcəlallı interyerlər təsvir olunub. Müasirlər hesab edirdilər ki, xan sarayı öz büllur salonuna, al-əlvan şəbəkələrinə və divan otağına görə bütün Şərq aləminin ən yaraşıqlı tikilisi hesab olunurdu. Bu qravüra isə “İrəvan qalasının işğalı” adlanır. O, 1820-1840-cı illərdə dərc olunmuş bir Rus hərbi-tarixi nəşrindən götürülüb. Bu litoqrafiyanın müəllifi digər bir batalist-rəssam Vladimir Moşkovdur. Əsər, “1 oktyabr 1827-ci ildə fars İrəvan qalasının işğalı” adlanır. Bu rəsm əsəri isə fransız rəssam Dübua dö Monperrö tərəfindən çəkilmişdir. Burada İrəvan xanının hərəmxanasının həyəti təsvir olunub. Bu əsərlər isə Rusiyalı fotoqraf Dmitri Yermakova məxsusdur. Burada biz eyni sarayın büllur salonunu, oradakı möhtəşəm şəbəkələri görə bilərik… Bu fotoşəkil fotoqraf Linç tərəfindən çəkilmişdir və “Sərdar” sarayının Aynalı salonundakı divan otağı” adlanır. Sual olunur: bütün bu memarlıq abidələrini Parisdə olduğu kimi bu gün Yerevanda da görmək mümkündürmü? Təəssüf ki, bu, mümkün deyil. Bir vaxtlar rəssamları, fotoqrafları və səyyahları Şərq nağıllarındakı tək məftun edən İrəvan şəhərinin özünəməxsus gözəlliyi tarixdən silinib. Yox, buna səbəb nə irimiqyaslı müharibələr, nə də zəlzələlər olub. Möhtəşəm qala, yaraşıqlı xan asrayı, şəhərin yeddi məscidindən altısı və bütün digər tarixi abidələri sistemli şəkildə, əsasən 1960-cı illərdə dağıdılıb. Fələyin işinə bax ki, Aznavurun məşhur mahnısının işıq üzü görməsi də məhz həmin dövrə təsadüf edir. Parisin küçələrində “La Bohème” sədaları eşidildiyi zaman İrəvan adı ilə Azərbaycan tarixi mirasının daşıyıcısı kimi tanınan şəhər Yerevan adı altında bir erməni şəhərinə çevrilməkdə idi. Bugünkü müasir Yerevan şəhərinin tarixi memarlıq strukturu geniş miqyasda dəyişdirilib Prezident Makronun rəhbərlik etdiyi nümayəndə heyətinin qaldığı, oradan Yerevan küçələrində səhər yürüşünə çıxdığı tanınmış “Marriott” mehmanxanası elə həmin yerlə yeksan edilmiş İrəvan qalasının ərazisində yerləşir. Bu gün qalanı yalnız rəssamların əsərlərində və İrəvanın zəbt olunması şərəfinə basılmış bu medal üzərində görmək mümkündür. Bir vaxtlar bu təpənin üzərində «Sərdar» sarayı yerləşərdi. Bu, onun köhnə fotoşəklidir. Bu fotoşəkil isə daha yenidir, xan sarayının yerləşdiyi ərazidə çəkilib. Bu gün isə orada… konyak zavodu fəaliyyət göstərir. Aydın məsələdir ki, İrəvan xanları müsəlman olduqlarından spirtli içkilər qəbul etməzdilər. Amma məhz həmin binanın zirzəmiləri bu gün konyak istehsalında istifadə olunur. Yeri gəlmişkən, azərbaycanlılar 2020-ci ildə azad etdikləri torpaqlarda belə bir mənzərə ilə qarşılaşmışdılar. Bu bina vaxtilə məscid kimi fəaliyyət göstərirdi. Baxın görün onu nə bərbad hala salıblar! Konyak zavodu ilə bağlı fikirlər burada da yada düşür, elə deyilmi? Bu isə əvvəllər İrəvanın Təpəbaşı, hazırda isə Kond adlanan məhəlləsində fəaliyyət göstərmiş məscidlərdən birinin qalıqlarıdır. Yerevan bələdiyyəsi bu məhəlləni fransız sərmayədarların köməyi ilə «yenidən çiçəkləndirməyi» planlaşdırır. Başqa sözlə, tarixi inşaat sahəsinin olan-qalan izlərini də yox etmək istəyir. Bu, “Abbas Mirzə” məscidinin qalıqlarıdır. Gördüyünüz bu mənzərəyə dünya tarixində nadir halda rast gəlmək mümkündür. Adətən başqa xalqların irsi ehtiramla mühafizə olunur. Rekonkistadan sonra ispanlar «Əlhəmra» məscidini dağıtmamışdılar. Meksika ilə savaşan Amerika ordusu isə ölkənin müstəmləkə üslubunun incisi hesab olunan Santa Fe şəhərini qoruyub saxlamışdı. Çünki bu şəhər, Amerikalılar üçün tarixi bir gözəllik mücəssəməsi idi. Lakin İrəvan fərqli bir yol seçdi. İrəvanın tarixi memarlıq irsi bəzi adamların gözünə “həddən artıq müsəlman”, «həddən artıq azərbaycan» irsi kimi girmişdi. Bu səbəbdəndir ki, şəhərdə genişmiqyaslı yenidənqurma işləri başladılmışdı. Görəsən, dünyada elə bir ölkə tapılarmı ki, oranın memarlıq üslubu köklü surətdə dəyişdirilmiş, orta əsrlərə məxsus müsəlman memarlıq abidələri dağıdılmış, xərabələri üzərində yeni xristian tikililəri inşa edilmiş olsun? Bu, eləcə də həmin nadir hallardandır ki, ölkədə çay və göl adları daxil olmaqla iki minə yaxın coğrafi obyektin tarixi azərbaycan adı erməni adına dəyişdirilib. Prezident Makron nə bilsin ki, onun yürüşü tarixin qalıqları və bu gün açıq havada çürüyüb gedən tarixi irs üzərində baş verir!? VMedia

Şərh verin