Azərbaycanda "Piyadalar, diqqətli olun!" həftəliyi başladı

Azərbaycanda piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin azalması məqsədilə xüsusi həftəlik elan edilib. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, iyunun 15-dən 22-dək respublika ərazisində "Piyadalar, diqqətli olun!" şərti adı altında Hərəkətin Təhlükəsizliyi Həftəliyi keçirilir. Təşəbbüsün əsas məqsədi piyadalar arasında yol hərəkəti qaydalarına əməl olunmasının vacibliyini təbliğ etmək, təhlükəsiz davranış vərdişlərini formalaşdırmaq və piyadaların iştirakı ilə baş verən qəzaların qarşısını almaqdır. Həftəlik çərçivəsində piyadaların daha sıx hərəkət etdiyi ərazilərdə maarifləndirici və profilaktik tədbirlər təşkil olunacaq, yol hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai məlumatlandırma işi gücləndiriləcək. Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşları yollarda diqqətli olmağa çağırıb, həmçinin media qurumlarını və ictimai təsisatları bu təşəbbüsə dəstək verməyə dəvət edib.