Elman Paşayevin oğlu qətl və dələduzluqda ittiham olunur
Azərbaycanlı keçmiş vəkil Elman Paşayevin oğlu Elvin Paşayev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. “Qafqazinfo” REN TV-yə istinadən xəbər verir ki, o, bu ilin fevralında Rusiyada həbs edilib. Sənədlərə əsasən, cinayət işi 2025-ci ilin oktyabrında qətl maddəsi ilə başladılıb. 2026-cı ilin yanvar və fevral aylarında materiallar bir neçə dələduzluq işi ilə birləşdirilib. Adı açıqlanmayan mənbənin məlumatına görə, cinayət işi Moskvada mənzil sahibinin itkin düşməsi və ölü tapılması ilə bağlıdır. Sonradan Elvinin atası Elman Paşayevin həmin mənzillə bağlı qanunsuz əməliyyatlar icra etdiyi iddia olunur. Ümumilikdə iş üzrə 8 nəfər həbs edilib. Elvin Paşayev isə dələduzluqdan əlavə, qətldə də ittiham olunur. Xatırladaq ki, sabiq vəkil Elman Paşayev 2024-cü ilin sentyabrında Moskvada saxlanılıb. Rusiya İstintaq Komitəsi Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluq) cinayət işi açıldığını, onun 300 min dollar (təxminən 510 min AZN) və 18,5 milyon rubl (təxminən 435 min AZN) qarşılığında bloqer Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyini bildirib. O, sentyabrın 18-i Moskvada istintaq təcridxanasına göndərilib.

Şərh verin