Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin may ayı üzrə avtomobil bazarına dair hesabatını açıqlayıb. Milli.Az oxu.az -a istinadən xəbər verir ki, hesabatda ölkənin avtomobil bazarında qiymət artımının tempinin zəiflədiyi və bazarın sabitləşmə mərhələsinə daxil olduğu qeyd olunub. Məlumata görə, may ayında avtomobil indeksi 104,1 bənd təşkil edib. Bu göstərici ötən ilin dekabr ayı ilə müqayisədə qiymətlərin 4,1 faiz artdığını göstərsə də, aylıq müqayisədə 1,6 faiz azalma qeydə alınıb. Palata bildirir ki, bazardakı bu dəyişiklik əsasən ucuz avtomobillərin satış payının artması ilə bağlıdır. Ən çox satılan modellərin qiymətlərində isə cəmi 0,73 faiz azalma müşahidə edilib. Hesabat dövründə avtomobillərin orta bazar qiyməti 30 min 470 manat səviyyəsində qalıb və əvvəlki ayla müqayisədə ciddi dəyişiklik baş verməyib. Median qiymət isə 18 min manata enib. Araşdırmaya əsasən, ikinci əl avtomobillər bazarın 73 faizini təşkil edib. Yeni avtomobillərin payı isə 27 faiz olub. İstehlakçıların daha çox əlçatan qiymətə malik nəqliyyat vasitələrinə üstünlük verdiyi vurğulanır. Bazarda sedan tipli avtomobillər 45,9 faiz payla liderliyini qoruyub saxlayıb. SUV və krossoverlər isə 25,6 faiz payla ən sürətlə böyüyən seqment kimi göstərilib. AQP-nin məlumatına görə, bazarda təklif olunan avtomobillərin orta yaşı 21,1 il, orta yürüş göstəricisi isə 257,9 min kilometrdir. Bu amillər avtomobillərin dəyərində orta hesabla 28,1 faiz diskont formalaşdırır. Hesabatda hibrid və elektrik avtomobillərinə marağın artdığı da qeyd olunub. Belə ki, may ayında onların bazar payı 10,3 faizə yüksəlib. Dizel mühərrikli avtomobillərin payı isə 15,2 faizə qədər azalıb. Mütəxəssislərin qənaətinə görə, may ayında satışların həcmi 1,5 faiz azalsa da, bu dəyişiklik mövsümi xarakter daşıyır və bazarın ümumi vəziyyətinə ciddi təsir göstərmir. AQP yay aylarında avtomobil indeksinin 103-106 bənd aralığında dəyişəcəyini və bazarda sabit inkişaf meylinin davam edəcəyini proqnozlaşdırır.

Şərh verin