3 Azərbaycan universiteti dünyanın TOP 800-lüyünə daxil oldu - (Foto)

"Quacquarelli Symonds" (QS) beynəlxalq reytinq agentliyi 2027-ci il üzrə "QS World University Rankings" siyahısını açıqlayıb. Nəticələr Azərbaycan ali təhsil sistemi üçün əlamətdar göstəricilərlə yadda qalıb. Belə ki, ölkə tarixində ilk dəfə olaraq 3 Azərbaycan universiteti dünyanın ən yaxşı 800 universiteti sırasında yer alıb. Eyni zamanda, TOP 1000-də təmsil olunan yerli universitetlərin sayı 6-dan 7-yə yüksəlib. Reytinqə daxil olan Azərbaycan universitetlərinin ümumi sayı isə 10-a çatıb. Ən böyük irəliləyişlərdən biri Bakı Dövlət Universitetinə məxsusdur. Universitet 123 pillə yüksələrək dünyanın 565-ci universiteti olub. Azərbaycan Dövlət İqtisad Universiteti əvvəlki 801-850 aralığından 634-cü yerə yüksəlib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 851-900 aralığından 711-720-ci yerlər aralığınadək irəliləyib. Bundan başqa, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və ADA Universiteti də mövqelərini yaxşılaşdıraraq reytinqdə daha yüksək pillələrə qalxıblar. Sumqayıt Dövlət Universiteti ötənilki mövqeyini qoruyub saxlayıb. Azərbaycan Dövlət Pedaqoji Universiteti isə ilk dəfə olaraq QS dünya reytinqində yer almağa nail olub. Maraqlı məqamlardan biri də odur ki, QS reytinqində təmsil olunan Azərbaycan universitetlərinin sayı Cənubi Qafqazın digər ölkələrinin universitetlərinin ümumi sayından təxminən 2,5 dəfə çoxdur. Xatırladaq ki, 2025-ci ilə qədər heç bir Azərbaycan universiteti QS reytinqinin TOP 800-lüyündə təmsil olunmamışdı. İlk uğur 2025-ci ildə əldə edilmiş, həmin il 1 universitet TOP 800-ə daxil olmuşdu. 2026-cı ildə isə bu göstərici 3 universitetə yüksəlib. Qeyd edək ki, builki QS dünya universitetləri reytinqinə 106 ölkədən 1500-dən çox ali təhsil müəssisəsi daxil edilib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)