33 il gizlənən cinayətkar Almaniyadan Azərbaycana gətirildi

Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan şəxslərin ölkəyə gətirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Nazirliyidən Milli.Az-a verilən məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş və uzun illər gizlənən daha bir şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib. Məlumata əsasən, 1990-cı illərin əvvəllərində quldurluq və qəsdən adam öldürmə cinayətlərində ittiham olunan Gürcüstan vətəndaşı Elşən Həsən oğlu Şamilovun yeri Almaniyada müəyyən edilib. O, Almaniya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bildirilir ki, təqsirləndirilən şəxs tamah məqsədilə digər şəxslərlə əlbir olaraq quldurluq basqını törətməkdə, zərərçəkmiş Qurbanəli Mustafayevə ağır bədən xəsarətləri yetirərək onu qəsdən öldürməkdə ittiham olunur. O, bu cinayətlərə görə 33 il beynəlxalq axtarışda olub. Baş Prokurorluğun təqdim etdiyi sorğu və tələb olunan sənədlər əsasında, həmçinin aparılan hüquqi prosedurlar və danışıqlardan sonra Almaniya tərəfi şəxsin Azərbaycana ekstradisiyasına razılıq verib. Elşən Şamilov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsi və Penitensiar xidmətin əməkdaşlarının müşayiəti ilə Almaniyanın Frankfurt şəhərindən Bakıya gətirilib. Məhkəmənin qərarına əsasən, o, istintaq dövrü üçün müvafiq istintaq təcridaxanasına yerləşdirilib. Ədliyyə Nazirliyindən bildirilib ki, beynəlxalq axtarışda olan şəxslərin ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)