Bosniyanın əbədi ümidi — Nəsillər onun yolu ilə gedir - Fotolar
Bəzən futbol sadəcə qol vurmaqdan ibarət olmur. Bəzən bir futbolçunun meydanda atdığı hər addım bir ölkənin tarixini, ağrılarını və ümidlərini daşıyır. Bosniya və Herseqovina üçün Edin Ceko məhz belə bir simvoldur. “Qafqazinfo” xəbər verir ki, 40 yaşında daha bir Dünya Çempionatına yollanan kapitan bu dəfə yalnız Bosniyanın hücumçusu kimi yox, müharibənin dağıntıları arasından baş qaldıraraq, milyonlarla insana ümid verən bir insan kimi dünya səhnəsinə çıxır. Bosniya və Herseqovina 12 illik fasilədən sonra yenidən DÇ-yə vəsiqə qazanıb. Bu uğurun memarlarından biri isə seçmə mərhələnin ən həlledici anlarında sözünü deyən Edin Ceko olub. San-Marinoya qarşı oyunda vurduğu yeganə qol komandaya həyati əhəmiyyət daşıyan üç xal qazandırıb. Səfərdə keçirilən qarşılaşmada isə dubl edərək Bosniyanın yolunu açıb. Rumıniya ilə taleyüklü görüşdə hesabda geri düşən komandasını yenidən oyuna qaytaran da Ceko olub. Onun bərabərlik qolu Bosniyanın 3:1 hesablı qələbəsinin başlanğıcı olub. Ən dramatik an isə pley-offun yarımfinalında yaşanıb. Uels 86-cı dəqiqəyədək üstün olsa da, Bosniya DÇ-dən cəmi bir neçə dəqiqə uzaqda görünüb. Məhz həmin anda səhnəyə yenə kapitan çıxıb. Cekonun qolu oyunu əlavə vaxta aparıb, penaltilərdə isə Bosniya finala yüksəlib. İtaliya ilə final qarşılaşmasında qol vurmasa da, liderliyi ilə komandasını yenidən ön plana çıxarıb. O, oyundan əvvəl Bosniya azarkeşlərindən İtaliya himnini alqışlamağı xahiş edib, səbəb isə duyğusal idi. Müharibədən sonra Bosniyaya dəstək olmaq üçün ilk yoldaşlıq oyunlarından birini keçirən millilərdən biri məhz İtaliya olmuşdu. Bu jest Cekonun futbola baxışını da göstərirdi. O, rəqibi yalnız rəqib kimi deyil, tarixə hörmət etməyi bacaran insan kimi görürdü. Amma Cekonun hekayəsi DÇ-dən çox əvvəl başlayır. “The Players' Tribune” üçün yazdığı məktubda o, uşaqlığını Bosniya müharibəsinin içində keçirdiyini xatırladır. “Əziz Bosniya və Herseqovina uşaqları, sizə bir mesajım var. Heç nə mümkünsüz deyil. Heç nə”. Sarayevonun mühasirəsi başlayanda onun cəmi altı yaşı vardı. İlk siren səslərini belə xatırlayır: “Anam məni tutub ayaqqabı şkafının arxasında gizlətdi. Bu, ilk gün idi. Sonra bu kabus dörd il davam etdi”. Ailəsi təhlükəsizlik üçün cəmi 40 kvadratmetrlik mənzilə köçmüşdü. On beş nəfər eyni evdə yaşayırdı: “Çöldə futbol oynamaq istəyirdik. Amma hər gün yaralı insanların təcili yardım maşınları ilə aparıldığını görürdük”. Sonra isə bir cümlə ilə uşaqlığını təsvir edir: “Hər şey darmadağın olmuşdu”. Lakin həmin dağıntılar içində belə futbol sevgisi sönmədi. Atası onu məşqlərə aparmaq üçün işindən icazə alırdı. Hər dəfə meydana çıxmazdan əvvəl oğluna bir banan verirdi və eyni sözləri təkrarlayırdı: “Nəzakətli ol. Hər kəsə eyni cür yanaş. Haradan gəldiyinin və nə etdiyinin fərqi yoxdur”. Ceko həmin sözlərin həyatının ən böyük dərsi olduğunu deyir. Uşaqlıq kumiri isə Andrey Şevçenko idi. O vaxtlar İtaliya futbolu ona əlçatmaz nağıl kimi görünürdü. İllər sonra isə həmin ölkədə çıxış etdi, “Roma”nın əfsanələrindən birinə çevrildi və dünya futbolunun ən tanınmış hücumçularından oldu. Məktubunun sonunda Ceko Bosniyanın müxtəlif dinlərdən və millətlərdən olan uşaqlarına səslənir: “Harada yaşamağınızdan asılı olmayaraq, müsəlman, katolik, pravoslav və ya yəhudi olmağınızın fərqi yoxdur. Haradan gəldiyinizi heç vaxt unutmayın. Siz bosniyalısınız. Dünya sizin ayaqlarınızın altındadır”. Bu sözlər futbolçudan daha çox bir liderin çağırışı idi. Millidə 148 oyun, 73 qol, saysız-hesabsız unudulmaz an... Ancaq Edin Cekonun ən böyük uğuru statistikalar deyil. Ən böyük uğuru siren səsləri altında gizlənən altı yaşlı uşağın bir gün DÇ-yə kapitan kimi çıxmasıdır. 2026-cı il Dünya Çempionatı onun üçün sadəcə növbəti turnir deyil. Bu, müharibənin əlindən aldığı uşaqlığın, heç vaxt itirilməyən ümidin və bir millətin ayağa qalxmasının son böyük səhnəsidir. 2 iyun 2007-ci ildə Bosniya və Herseqovina milli komandasının formasını geyindiyindən bəri nəsillər onun izi ilə gedir. Edin Ceko Bosniya və Herseqovina deməkdir.

Şərh verin