Ukrayna Moskvaya irimiqyaslı hücumlara davam edir

Rusiya paytaxtı Moskva ardıcıl ikinci gündür Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumu ilə üzləşib. Milli.Az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, Moskva meri Sergey Sobyanin şəhər istiqamətində hərəkət edən 16 dronun hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini bildirib. Xatırladaq ki, bir gün əvvəl də Moskva və Moskva vilayəti genişmiqyaslı PUA hücumuna məruz qalmışdı. Hücum nəticəsində Moskva Neft Emalı Zavoduna və "Sadovod" ticarət mərkəzinə ziyan dəydiyi bildirilmişdi. Məlumatlara əsasən, əvvəlki hücum zamanı Moskva vilayətində iki uşaq da daxil olmaqla 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)