Qlobal bazarlarda qızıl, gümüş və platin ucuzlaşıb

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətində eniş qeydə alınıb. Milli.Az xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızıl isə 54,26 dollar və ya 1,29% ucuzlaşaraq 4 155,71 dollar olub. Gümüşün qiyməti də azalıb. COMEX-də sentyabr fyuçersləri üzrə gümüş 1,42 dollar və ya 2,13% ucuzlaşaraq bir unsiya üçün 65,38 dollara enib. Sənaye metalları arasında misin qiyməti 4,80 sent və ya 0,74% azalaraq bir funt üçün 6,4 dollar təşkil edib. Platin bazarında da eniş müşahidə olunub. Spot platinin qiyməti 30,90 dollar və ya 1,82% azalaraq 1 667,63 dollara düşüb. Analitiklər qiymətli metallardakı ucuzlaşmanı Yaxın Şərqdə gərginliyin genişlənməyəcəyinə dair gözləntilərin güclənməsi, investorların mənfəət realizasiyası və risk iştahının qismən bərpası ilə əlaqələndirirlər. Bu amillər təhlükəsiz sığınacaq aktivlərinə tələbi zəiflədib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)