Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq — Foto
İyunun 18-19-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Ali Məhkəmələrinin II Konfransında iştirak etmək məqsədilə Qazaxıstan Respublikasının Türküstan şəhərində səfərdə olub. “Qafqazinfo” xəbər verir ki, konfransda çıxış edən İnam Kərimov bildirib ki, Türk Dövlətləri Təşkilatı son illər siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib. Qeyd olunub ki, bu prosesdə hüquqi əməkdaşlıq da xüsusi yer tutur və Azərbaycanın türk dünyası ölkələri ilə hüquq sahəsində əlaqələri, yüksək səviyyəli qarşılıqlı səfərlər və müxtəlif istiqamətlər üzrə əməkdaşlıq təşəbbüsləri artan dinamika ilə davam edir. Çıxışda qeyd edilib ki, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi ilə yanaşı, iqtisadi münasibətlərin inkişafı və investisiyaların təşviqində məhkəmələrin rolu xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, hüquq sisteminə ictimai etimadın qorunması və daha da möhkəmləndirilməsi məqsədilə məhkəmə sistemi daim inkişaf etməli, fəaliyyətini müasir dövrün çağırışlarına uyğunlaşdırmalıdır. Çıxış zamanı məhkəmə xidmətlərinin elektronlaşdırılması və proseslərin rəqəmsal əsasda təşkili istiqamətində əldə olunmuş nailiyyətlərə də toxunulub. Yeni çağırışlar fonunda süni intellekt texnologiyalarının imkanlarının araşdırılması, onların məhkəmə fəaliyyətində tətbiqi və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi vurğulanıb. Bu kontekstdə qeyd edilib ki, Azərbaycan Respublikasında Prezident İlham Əliyevin Sərəncamı ilə 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası təsdiq olunub. Strategiya dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsi ilə yanaşı, məhkəmə sistemində innovativ texnologiyaların tətbiqi üçün də yeni imkanlar yaradıb. Həmçinin bildirilib ki, türk dövlətlərinin ali məhkəmələri arasında yaradılması nəzərdə tutulan Vahid Məlumat Platforması hakimlərin və hüquq ictimaiyyətinin üzvlərinin digər dövlətlərin məhkəmə təcrübəsi ilə daha yaxından tanış olmasına, qabaqcıl hüquqi yanaşmaların öyrənilməsinə və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verəcək. Tədbirin yekununda Türk Dövlətləri Ali Məhkəmələrinin II Konfransının Birgə Bəyanatı qəbul olunub. Bəyanatda məhkəmə sistemlərinin rəqəmsallaşdırılması, investor hüquqlarının qorunmasının gücləndirilməsi, eləcə də türk dövlətlərinin ali məhkəmələri arasında Vahid Məlumat Platformasının yaradılması istiqamətində əməkdaşlığın inkişafı nəzərdə tutulur. Səfər çərçivəsində İnam Kərimov Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri Aslanbek Merqaliyev və Qırğızıstan Respublikası Ali Məhkəməsinin sədri Mederbek Satıyev ilə görüşlər keçirib. Görüşlər zamanı məhkəmə-hüquq sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Səfər zamanı nümayəndə heyəti, həmçinin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul edilib. Kasım-Jomart Tokayev Təşkilatın çoxtərəfli əməkdaşlığın inkişafında xüsusi rol oynadığını vurğulayıb, üzv dövlətlər arasında məhkəmə-hüquq sahələrində əməkdaşlığın davamlı şəkildə gücləndiyini qeyd edib.

Şərh verin