Neftçalada dövlət qulluqçularının peşə bayramı qeyd olundu — Fotolar
Bu gün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilən 23 iyun dövlət qulluqçularının peşə bayramına həsr olunmuş "Dövlətə sədaqət, Xalqa xidmət" adlı tədbir keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, RİH kollektivi, YAP-ın Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, dövlət qulluğunda çalışan əməkdaşlar və digər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən RİH başçısı M.Seyidov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycanda müasir, çevik və şəffaf dövlət qulluğu sisteminin formalaşması həmçinin inkişafının məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu və bu ali siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirildiyini diqqətə çatdırıb. Dövlət qulluqçularının hər birinin vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin olunmasında, dövlətçilik prinsiplərinin sarsılmaz şəkildə qorunmasında və qanunun aliliyinin təmin edilməsində üzərilərinə düşən tarixi məsuliyyəti dərindən dərk etməli olduqlarını xüsusi olaraq qeyd edib. Rayonun sosial-iqtisadi, mədəni inkişafında və idarəetmə orqanlarının səmərəli fəaliyyətində dövlət qulluqçularının göstərdiyi fədakar xidmətləri, peşəkarlığı yüksək qiymətləndirib. Tədbirdə çıxış edən natiqlər respublikamızda hüquqi dövlət quruculuğu prosesinin uğurla idarə olunmasından, qanunvericilik və mədəniyyət sahələrində qazanılan uğurlardan söz açaraq, xidməti fəaliyyətlərində hər zaman qanunun aliliyini və vətəndaş məmnunluğunu rəhbər tutacaqlarını bəyan edib, yeni nəsil idarəçilərin formalaşması üçün yaradılan şəraiti yüksək qiymətləndirərək, dövlət qulluqçularının əməyinə verilən ali dəyərə görə ölkə rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Bayram tədbiri Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyi tərəfindən hazırlanan maraqlı musiqili proqram ilə davam etdirilib. Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə fərqlənən rayonun bir qrup dövlət qulluqçusu Rayon İcra Hakimiyyəti başçısının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının fəxri fərmanları və xatirə hədiyyələri ilə təltif olunublar. Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

Şərh verin