Avtomobil təkərləri niyə məhz qara rəngdədir?

Avtomobil təkərlərinin niyə tamamilə qara rəngdə olması uzun illərdir maraq doğuran mövzulardan biridir. İlk istehsal olunan təkərlər əslində açıq rəngli idi. Lakin sonradan istehsalçılar qara rəngin sadəcə estetik bir seçim deyil, həm də təkərlərin davamlılığını əhəmiyyətli dərəcədə artıran bir amil olduğunu kəşf etdilər. Milli.Az xəbər verir ki, günümüzdə təkərlərin qara olmasının əsas səbəbi istehsal prosesində kauçuka əlavə edilən "karbon qara" (carbon black) adlı maddədir. Bu maddə təkərlərin günəş şüalarına, yüksək temperatura və aşınmaya qarşı daha dözümlü olmasını təmin edir. Həmçinin təkərin ömrünü uzadaraq yol tutuşuna da müsbət təsir göstərir. İlkin dövrlərdə təbii kauçukdan hazırlanan açıq rəngli təkərlər istilik və günəş işığı səbəbindən çox tez sıradan çıxırdı. İstehsalçılar kauçuka karbon qara əlavə edərək bu problemi böyük ölçüdə həll etdilər. Bu maddə təkərin strukturunu gücləndirir, çatlama və aşınma riskini azaldır. Beləliklə, təkərlər daha uzun müddət istifadə oluna bilir və sürücülük təhlükəsizliyi artır. Mütəxəssislərin fikrincə, qara rəng istiliyi daha balanslı paylayır və təkərlərin yüksək sürətlərdə məruz qaldığı çətin şərtlərə qarşı davamlılığını artırır. Məhz bu səbəbdən dünya üzrə avtomobil, yük maşını və motosiklet təkərlərinin böyük əksəriyyəti qara rəngdə istehsal olunur. Hazırda fərqli rənglərdə konsept təkərlər hazırlansa da, davamlılıq və performans baxımından "karbon qara" istifadə olunan qara təkərlər sənayenin standartı olaraq qalmaqdadır. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)