Qoyunu qurddan qorumaq üçün yeni ixtira — Foto - Video

Avstriyada qoyunları canavarların hücumlarından qorumaq üçün “qoruyucu jilet” yaradılıb. “Qafqazinfo” “Oddity Central” nəşrinə istinadən xəbər verir ki, ixtiranın müəllifi fermer Rudolf Şaubaxdır. Onun sözlərinə görə, konstruksiyanın hazırlanmasına təxminən 3 il vaxt sərf olunub. Fermer bu ideyanın Avstriya və qonşu Almaniyada ev heyvanlarına canavar hücumlarının artmasından sonra yarandığını bildirib. Şaubaxın fikrincə, yaratmış olduğu üzərində tikanlı çıxıntılar olan yüngül plastik tor qoyunları qorumaqla yanaşı, həm də onların hərəkətinə mane olmur. O hesab edir ki, yaratdığı “qoruyucu jilet” ilə təmasdan sonra yırtıcı təkrar hücum etmək fikrindən daşına bilər. Artıq yeni ixtiranın Alp fermalarında sınaqları da baş tutub. Lakin nəticə birmənalı qarşılanmayıb. Yerli fermerlər “jilet”in effektivliyinə şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, qoyunların yunu torda dolaşa bilər, canavarlar isə qurbanlarının daha az qorunan hissələrinə hücum edə bilərlər.