Bu ölkədə istilərə görə qırmızı hava təhlükəsi elan edildi

Fransanın böyük hissəsində anomal istilər səbəbindən ən yüksək – qırmızı hava təhlükəsi səviyyəsi elan edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya Xidməti (“Météo-France”) təcili xəbərdarlıq yayıb. Məlumata görə, hazırda ölkənin 72 departamentində qırmızı, digər 17-sində isə narıncı təhlükə səviyyəsi qüvvədədir. Proqnozlara əsasən, iyunun 25-i günün ikinci yarısı və axşam saatlarında Atlantik okeanı sahili boyu qeyri-sabit hava şəraiti və şimşək çaxacağı gözlənilir. Paytaxt Parisdə gecə saatlarında temperaturun müsbət 29, Bretandan İl-de-Fransa qədər olan ərazilərdə isə müsbət 23-26 dərəcə olacağı ehtimal edilir. “Maksimal temperaturlar Atlantik sahili boyu bir qədər enməyə başlasa da, anomal istilər ölkə daxilində davam edəcək”, – deyə sinoptiklər xəbərdarlıq edib. Qeyd olunub ki, bəzi bölgələrdə havanın temperaturu rekord həddə – müsbət 40-41 dərəcəyə qədər yüksələ bilər.