“AzParking”in mobil tətbiqi yeniləndi
“AzParking” mobil tətbiqinin yenilənmiş versiyasına qeydiyyat, sessiya idarəetməsi və istifadəçi təcrübəsini sadələşdirən bir sıra funksionallıqlar əlavə edilib. Yenilənmə çərçivəsində tətbiqin əsas funksionallıqları yenidən işlənib, istifadəçi təcrübəsini çətinləşdirən bir sıra proseslər sadələşdirilib və yeni texniki imkanlar əlavə edilib. Tətbiqdə aparılan dəyişikliklərin əsas məqsədi parklanma prosesini daha aydın, rahat və operativ etmək olub. Bu yeniliklər istifadəçilərdən daxil olan müraciət, təklif və gündəlik istifadə təcrübəsinin təhlili əsasında hazırlanıb. Yeni versiyada təqdim olunan əsas dəyişikliklər: mygov və SİMA inteqrasiyası vasitəsilə daha rahat qeydiyyat və identifikasiya prosesi; Təkmilləşdirilmiş bildirişlər bölməsi; Şikayət və təkliflərin tətbiq üzərindən daha sürətli göndərilməsi funksiyası; Xəritə əsaslı istifadənin genişləndirilməsi; Aktiv parklanma sessiyalarının tətbiq daxilində real vaxt rejimində göstərilməsi; Bir hesab üzərindən bir neçə şəxs üçün fərdi parklanma talonuna müraciət imkanı. Həyata keçirilən yenilənmə yalnız vizual dəyişikliklərlə məhdudlaşmayıb. Tətbiqin istifadə məntiqi və istifadəçi axınları yenidən optimallaşdırılıb ki, sürücülər gündəlik parklanma əməliyyatlarını daha sürətli, rahat və minimum addımla həyata keçirə bilsinlər. “AzParking” nümayəndəsinin sözlərinə görə, tətbiqin inkişafı mərhələli şəkildə davam etdiriləcək. Növbəti mərhələlərdə istifadəçi təcrübəsini daha da təkmilləşdirmək məqsədilə tətbiqə xarici vətəndaşların qeydiyyatı, xarici kartlarla ödəniş imkanları və xarici dövlət qeydiyyat nişanlı avtomobillərin əlavə edilməsi funksiyalarının da inteqrasiyası nəzərdə tutulur.

Şərh verin