Venesuelada son vəziyyət — Fotolarda

Venesuelada baş verən güclü 7,2 və 7,5 bal gücündə zəlzələlərdən sonra ölkədə vəziyyət gərgin olaraq qalır. “Qafqazinfo” AFP-yə istinadən xəbər verir ki, yeraltı təkanların ardından bir sıra bölgələrdə dağıntılar qeydə alınıb, Karakasda isə insanlar hələ də təlaş içindədir. ABŞ Geoloji Xidmətinin məlumatına görə, ardıcıl iki zəlzələ paytaxt və ətraf ərazilərdə ciddi dağıntılara səbəb olub. Təkanlardan sonra bəzi binalarda uçqunlar baş verib, dam örtükləri və divarlarda ciddi zədələr yaranıb. Rəsmilər hələlik ölən və yaralananlarla bağlı yekun məlumat verməsələr də, Daxili İşlər naziri Diosdado Kabello bir neçə tikilinin ciddi ziyan gördüyünü və təhlükəsizlik məqsədilə bəzi binalara qaz təchizatının dayandırıldığını açıqlayıb. Karakas sakinləri zəlzələdən sonra evlərinə qayıtmaqda tərəddüd edir. Altamira bölgəsində 22 mərtəbəli binanın tamamilə dağıldığı bildirilir və həmin ərazidə xilasetmə və axtarış işləri davam etdirilir. Şahidlər dağıntıların hələ də aradan qaldırılmadığını, bəzi küçələrdə giriş-çıxışın çətinləşdiyini bildirir. 54 yaşlı bank işçisi Odalis Eskalona yaşananları “çox güclü və qorxuducu” kimi qiymətləndirib: “Divarlar çatlayıb, pilləkənlər uçub, hər şey silkələnirdi”.