AHİK nazirliklə birgə “Sağlam gələcək” layihəsinə start verdi — Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Səhiyyə Nazirliyinın birgə tərəfdaşlığı çərçivəsində “Sağlam gələcək” sosial layihəsinə start verilib. “Qafqazinfo” xəbər verir ki, layihə qadınların reproduktiv sağlamlığının qorunmasına dəstək verilməsini, profilaktik müayinələrin əhəmiyyəti barədə məlumatlılığın artırılmasını və sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Layihə çərçivəsində AHİK-in və üzv təşkilatı Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin təşkilatçılığı ilə “Qadın sağlamlığı və reproduktiv rifah” mövzusunda ilk tədbir təşkil olunub. Tədbirdə dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, səhiyyə sahəsi üzrə ekspertlər, AHİK-in və üzv təşkilatlarının əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AHİK sədrinin müavini Musa Mirzəyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin həyat keyfiyyətinin yüksəldilməsi və sağlam ailə modelinin formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edib, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan sosial-humanitar layihələrin ana və uşaq sağlamlığının qorunmasına, insan kapitalının inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Qeyd olunub ki, sağlam həyat tərzinin təşviqi AHİK-in fəaliyyətinin prioritet istiqamətlərindən biridir. “Sağlam gələcək” layihəsi də məhz bu fəaliyyətin tərkib hissəsi olmaqla qadınların sağlamlığına təsir göstərən risk amilləri barədə məlumatlılığın artırılmasına, profilaktik tibbi müayinələrin təşviqinə və xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Səhiyyə Nazirliyinin şöbə müdiri Ramik Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbəri Səbinə Babazadə çıxış edərək qadın sağlamlığının qorunmasının cəmiyyətin davamlı inkişafı, sağlam ailə institutunun möhkəmləndirilməsi və demoqrafik sabitliyin təmin olunması baxımından əhəmiyyətini diqqətə çatdırıblar. Sonra tibbi ekspertlər və mütəxəssislər tərəfindən “Süd vəzi sağlamlığı: hər bir qadının bilməli olduğu vacib məqamlar”, “Qadın sağlamlığının qorunması: reproduktiv orqanlarda olan patologiyaların profilaktikası və erkən diaqnostikası”, “Stresin reproduktiv sağlamlığa təsiri”, “Reproduktiv sağlamlıq: seçim, həyat və demoqrafik davamlılıq” mövzularında maarifləndirici təqdimatlar keçirilib. Tədbir çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.