Toxum istehsalında yeni qaydalar tətbiq ediləcək

Azərbaycanda toxumçuluq sahəsinin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Milli.Az xəbər verir ki, "Toxumçuluq haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 6 fəsil və 27 maddədən ibarət olan layihədə toxumçuluq və seleksiya sahəsində idarəetmənin rəqəmsallaşdırılması və vahid informasiya sisteminin (Reyestr) yaradılması nəzərdə tutulur. Layihəyə əsasən, həmin reyestrdə seleksiya nailiyyətləri (sortlar, hibridlər və cinslər), qeydiyyata alınmış toxum əməliyyatçıları, müqavilələr və toxumluq əkinlər barədə məlumatlar toplanacaq. Bu sistem vasitəsilə toxumların sertifikatlaşdırılması, eləcə də onların bioloji və iqtisadi göstəriciləri barədə daha şəffaf və ətraflı məlumat əldə etmək mümkün olacaq. Qanunvericilikdə pozuntulara görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizinin müvafiq icra orqanının işçilərinin sosial müdafiəsi və maddi-texniki bazasının gücləndirilməsinə yönəldilməsi də nəzərdə tutulur. Bu vəsaitin bölgüsü və istifadə qaydası aidiyyəti qurum tərəfindən müəyyən ediləcək. Yeni qanun qüvvəyə mindikdən sonra 1997-ci il 11 mart tarixli "Toxumçuluq haqqında" qanun ləğv ediləcək. Mövcud toxum istehsalçılarına verilmiş şəhadətnamələr isə onların göstərilən müddətinə qədər hüquqi qüvvəsini saxlayacaq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)