Bakıda “Range Rover”in iştirakı ilə ağır qəza — Video+Yenilənib

Nizami rayonu, Bəşir Bünyatov küçəsində yol-nəqliyyat qəzası baş verib və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb. “Qafqazinfo” xəbər verir ki, xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” və “Range Rover” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, Şıxbala Əhmədovu və sərnişin, Elsəvər Cabbarovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. *** TƏBİB-dən bildirilib ki, 25.06.2026-cı il tarixində saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu, B. Bünyadov küçəsindən çağırış qeydə alınıb. “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibbi Mərkəzinə hospitalizasiya olunub. Tibb müəssisəsinin müvafiq şöbəsində onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri ağır stabil qiymətləndirilir”, - deyə əlavə edilib.