Gürcüstanda sürücülər üçün cərimələrin miqdarı azaldılır

Gürcüstan Parlamenti İnzibati Xətalar Məcəlləsinə düzəlişləri üçüncü oxunuşda təsdiqləyib. “Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, qəbul edilən düzəlişlərə əsasən, sürət həddinin cüzi aşılmasına görə cərimələrin miqdarı azaldılıb. Belə ki, dəyişikliyə əsasən, cərimələr yeni diferensiallaşdırılmış sistemə keçir: sürətin 15 km/s-dən çox, lakin 30 km/s-dən çox olmayaraq aşılması - 50 lari (təxminən 32 AZN); sürətin 30 km/s-dən çox, lakin 50 km/s-dən çox olmayaraq aşılması - 100 lari (təxminən 64 AZN); sürətin 50 km/s-dən çox aşılması - 300 lari (təxminən 193 AZN); sürətin 30 km/s-dən çox aşılması yolda qəza vəziyyəti yaradarsa - 400 lari (təxminən 257 AZN); Bu cür pozuntu infrastrukturun zədələnməsinə səbəb olubsa, cərimə 600 lari (təxminən 386 AZN) təşkil edəcək. Qüvvədə olan qanunvericiliyə əsasən, sürücünün müəyyən edilmiş sürət həddini 15 km/s-dən çox, lakin 40 km/s-dən çox olmayaraq aşması 100 lari məbləğində cərimə ilə, sürət həddini 40 km/s-dən çox aşması isə 300 lari məbləğində cərimə ilə cəzalandırılır. Bundan başqa, yol-nəqliyyat hadisəsi zamanı yaşıllıqlara zərər vurulması, nəqliyyat vasitəsinin mümkün müsadirəsi ilə 500 lari (təxminən 322 AZN), eyni qayda pozuntusunun təkrarlanması isə 1000 lari (təxminən 644 AZN) məbləğində cəriməyə səbəb olacaq. Yeni qaydalar düzəlişlər paketinin prezident tərəfindən imzalanmasından və dərc edilməsindən dərhal sonra qüvvəyə minəcək.