“Həmin tarixi məkanda olmaq xüsusi mənəvi dəyər daşıyır”
“Bu il həm Azərbaycanda, həm də qardaş türk dövlətlərində Birinci Türkoloji Qurultayın 100 illiyi təntənəli surətdə qeyd olunur. Bu il biz sadəcə bir yubileyi qeyd etmirik. Biz yüz il əvvəl Bakıda əsası qoyulmuş böyük bir ideyanın - ortaq mədəniyyət və mənəvi birlik ideyasının birəsrlik tarixini qeyd edirik”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində çıxışı zamanı deyib. O bildirib ki, 1926-cı ildə Bakıda bir masa ətrafında toplaşan görkəmli ziyalılar və alimlər gələcəyə böyük ümidlə baxırdılar: “Yəqin ki, onlar da düşünürdülər: görəsən, yüz il sonra bu ideyalar yaşayacaqmı? Bu gün onlara cavabımız aydındır: bu ideya sadəcə yaşamadı, böyüdü, möhkəmləndi və ilk dəfədir ki, bu qədər geniş coğrafiyanı, bu qədər fərqli səsi ortaq mənəvi dəyərlər ətrafında birləşdirdi. Azərbaycan dövləti Birinci Türkoloji Qurultayın irsinə hər zaman böyük diqqət və ehtiramla yanaşıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və müvafiq Sərəncamı ilə bu yubiley dövlət səviyyəsində qeyd olunur. Bu, Azərbaycan dövlətinin türk dünyasının ortaq elmi və mədəni irsinə verdiyi yüksək dəyərin növbəti təzahürüdür. “Türk Dünyası Həftəsi” çərçivəsində 20 ölkədən 126 alim, tədqiqatçı və mədəniyyət nümayəndəsi Bakıda bir araya gəlib. İnanırıq ki, bu görüşlər yeni elmi əlaqələrin, yeni ideyaların və yeni əməkdaşlıq körpülərinin yaranmasına töhfə verəcək”. Nazir qeyd edib ki, sabah birlikdə Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi İsmailiyyə binasında toplaşılacaq: “Məhz həmin binada Türk dünyasının ortaq elmi düşüncəsinə istiqamət verən qərarlar qəbul olunmuş, gələcəyə hesablanmış böyük ideyalar səsləndirilmişdi. İnanırıq ki, həmin tarixi məkanda olmaq hər birimiz üçün xüsusi mənəvi dəyər daşıyır. Tədbirlərimiz Qarabağda, Şuşa, Xankənkəndi və Ağdam şəhərlərində davam edəcək. İşğaldan azad edilmiş torpaqlarımızda yenidən qurulan hər bir şəhər, bərpa olunan hər bir abidə və yenidən həyat qazanmış hər bir məkan Azərbaycanın dirçəlişini və bütövlükdə türk dünyasının həmrəylik ruhunu ifadə edir. Əminəm ki, bu səfər hər birinizdə unudulmaz təəssüratlar yaradacaq. Birinci Türkoloji Qurultayın 100 illiyi keçmişə ehtiramın və gələcəyə inamın ifadəsidir. Yüz il əvvəl Bakıda təməli qoyulan birlik ideyası bu gün də türk dünyasını birləşdirir. Möhtərəm Prezident cənab İlham Əliyevin bu tədbirin şüarına çevrilmiş dəyərli ifadəsi var: “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz türk dünyasıdır”. Bu gün həmin sözlərin ən canlı təcəssümünü bu məkanda görürük. Ailə bir araya gəlib. Fərqli ölkələrdən, fərqli şəhərlərdən gəlsək də, bizi birləşdirən ortaq tariximiz, ortaq yaddaşımız və ortaq dəyərlərimizdir. İnanırıq ki, bu qurultay türk dünyasının ortaq tarixində əlamətdar hadisə kimi qalacaq və gələcək nəsillər üçün dəyərli irs yaradacaq”. Adil Kərimli sonda Birinci Türkolojı Qurultayın 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsinə göstərdiyi xüsusi diqqət və dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib. Lamiyə Məmmədova

Şərh verin