“Türk Dünyası Həftəsi”ndə İsmailiyyə binası ilə tanışlıq oldu
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”ndə İsmailiyyə binası ilə tanışlıq olub. “Qafqazinfo” xəbər verir ki, daha sonra ikinci günün açılış mərasimi keçiilib. Açılışda çıxış edən AMEA prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bu il Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində 26 ölkədən 300 nəfərdən çox qonaq iştirak edib. Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin ikinci günündə çıxışı zamanı deyib ki, Türkiyə Elmlər Akademiyası olaraq Birinci Türkoloji Qurultaydakı müzakirələri miras kimi qorumaq əsas vəzifələrimizdəndir. Onun sözlərinə görə, 1926-cı il qurultaylayın türx xalqları və dövlətləri arasındakı birləşdirici ruhu bu gün də hiss edilməkdədir. “Bizim də borcumuzdur ki, bu ruhu, bu birliyi yaşadaq, qoruyaq”. M. Şeker deyib ki, Türkiyə türkologiya elminin və tarixinin təbliği istiqamətində müvafiq addımlar atmaqdadır. Akademiya rəhbəri müasir dövrün dillə bağlı problemlərə də toxunub: “Dil canlı orqanizmdir, davamlı inkişafdadır. Bu mənada, heç kəsə sirr deyil ki, süni intellekt məsələsi bütün dillərə təsir edir, az qala, onları eyniləşdirir. Hesab edirəm ki, bu konteksdə türkoloqlar olaeaq müvafiq qabaqlayıcı tədbirlər görməliyik”. Albaniya Elmlər Akademiyasının professoru Gezim Hoca çıxışı zamanı deyib ki, elmi tərəqqi beynəlxalq əməkdaşlıq, intellektual açıqlıq və müxtəlif elmi ənənələrə qarşılıqlı hörmət əsasında daha uğurla inkişaf edir. Onun sözlərinə görə, sivilizasiyalar təcrid şəraitində deyil, dialoq, qarşılıqlı əlaqə və ideyaların mübadiləsi sayəsində inkişaf edir. “Bu mənada, müxtəlif mədəni anlayışların birgə mövcudluğu bizə xatırladır ki, elmi tədqiqat yalnız keçmişi öyrənmək missiyası daşımır. O, xalqlar arasında qarşılıqlı anlaşmanı möhkəmləndirir, mədəni müxtəlifliyə hörməti təşviq edir və sivilizasiyalararası dialoqu gücləndirir”. O beynəlxalq tədbirin yüksək təşkilatçılığına görə yekunda Azərbaycana təşəkkür edib. Xalq şairi Sabir Rüstəmxanlı çıxışında bildirib ki, türkologiya yalnız qədim türk mətnlərinin öyrənilməsi ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, həmin mətnləri yaradan şairlər, yazıçılar və mütəfəkkirlərin irsi də eyni dərəcədə araşdırılmalıdır. Xalq şairi qeyd edib ki, qədim ədəbi irslə yanaşı, müasir türk ədəbiyyatı da türkologiya tədqiqatlarının əsas istiqamətlərindən biri olmalıdır. O vurğulayıb ki, türk dünyasında yaradılan elmi əsərlər, aparılan araşdırmalar və keçirilən qurultaylar yazıçıların, şairlərin və ədəbiyyat adamlarının da diqqət mərkəzində olmalıdır. S.Rüstəmxanlı 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq elmi və mədəni düşüncəsinin formalaşmasında mühüm rol oynadığını qeyd edib: “Türk dünyasının ən böyük gücü onun ortaq mənəvi dəyərləri, zəngin mədəni irsi və sərhəd tanımayan birlik ruhudur. Milli-mənəvi dəyərlərin və ortaq türk kimliyinin qorunması istiqamətində mövcud problemlərin qarşısı qətiyyətlə alınmalıdır. Bu istiqamətdə bilik və maarifləndirmə işi cəmiyyətin bütün təbəqələrini, bütün yaş qruplarını əhatə etməli, bu dəyərlər insanların şüurunda və düşüncəsində möhkəm yer tutmalıdır”. Qazaxıstan Prezidentinin müşaviri, tanınmış qazax yazıçısı Malik Otarbayev çıxışında Birinci Türkoloji Qurultayın 100 illiyinin məhz onun keçirildiyi tarixi binada qeyd olunmasının xüsusi rəmzi məna daşıdığını bildirib. O qeyd edib ki, bu tarixi məkanda türk dünyasının görkəmli alimləri və ziyalılarının yüz il əvvəl bir araya gələrək ortaq gələcək naminə fikir mübadiləsi aparması bugünkü iştirakçılarda dərin qürur və məsuliyyət hissi yaradır. “Bu tarixi binada olmaq, yüz il əvvəl türk dünyasının ruhunu ucaldan böyük alim və ziyalıların burada toplaşaraq öz düşüncələrini bölüşdüklərini xatırlamaq bizi həmin dövrə aparır və fərqli duyğular yaşadır”, - o bildirib. Malik Otarbayev vurğulayıb ki, Qazaxıstandan da qurultayda iştirak etmiş görkəmli ziyalılar və alimlər türkoloji elmin inkişafına mühüm töhfələr veriblər. Onların irsi bu gün də türk dünyasının ortaq elmi və mədəni sərvəti kimi yaşayır. Özbəkistanın Mədəniyyət naziri Ozodbek Nazarbekov çıxışında bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması bütün türk dünyası üçün mühüm tarixi hadisədir. Ozodbek Nazarbekov vurğulayıb ki, müasir dövrdə hər bir xalq öz milli kimliyini, dilini və mədəni irsini qorumaqla yanaşı, ortaq türk dəyərlərinin yaşadılması istiqamətində də birgə fəaliyyət göstərməlidir. O qeyd edib ki, bu baxımdan beynəlxalq konqreslər, elmi forumlar, mədəni layihələr, kitablar və filmlər xalqları bir-birinə daha da yaxınlaşdırır. Nazir Özbəkistanda da türk dünyasının ortaq tarixi və mədəni irsinin təbliği istiqamətində ardıcıl iş aparıldığını bildirib. Onun sözlərinə görə, ölkədə həyata keçirilən mədəniyyət layihələri, elmi təşəbbüslər və beynəlxalq əməkdaşlıq proqramları bu məqsədə xidmət edir. Lamiyə Məmmədova

Şərh verin