II Opera Günləri çərçivəsində İlham Nəzərovun “Kontratenor” adlı möhtəşəm konserti keçirildi - (Foto)

II Opera Günləri layihəsi çərçivəsində Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist İlham Nəzərovun solo konserti uğurla baş tutdu. Müxtəlif dövrləri və musiqi üslublarını əhatə edən konsert proqramında dünya və Azərbaycan klassik musiqisinin seçilmiş inciləri səsləndirildi. Zəngin repertuar, yüksək peşəkarlıq və fərqli interpretasiya ilə seçilən gecə musiqisevərlərə unudulmaz sənət bayramı yaşatdı. Gecəni giriş sözü ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə açıq elan etdi. O, çıxışında Əməkdar artist İlham Nəzərovun zəngin yaradıcılıq yolu və sənət nailiyyətləri haqqında tamaşaçılara ətraflı məlumat verdi, sənətçini konsert münasibətilə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzuladı. Özünəməxsus səs tembri, geniş vokal imkanları və yüksək ifaçılıq məharəti ilə tanınan İlham Nəzərov hər bir əsəri böyük ustalıqla təqdim edərək tamaşaçıların rəğbətini qazandı. Onun emosional və təsirli ifası konsert boyu zalda xüsusi sənət atmosferi yaratdı və alqışlarla qarşılandı. Gecədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Fəridə Məmmədova da çıxış edərək konsert proqramına xüsusi rəng qatdı. İlham Nəzərov və Fəridə Məmmədovanın təqdim etdikləri duetlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı və gecənin ən yaddaqalan məqamlarından biri oldu. Konsertdə solistləri Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət etdi. II Opera Günləri çərçivəsində keçirilən bu konsert bir daha göstərdi ki, klassik musiqi irsi peşəkar ifaçılıq ənənələri ilə vəhdət təşkil edərək dinləyicilərə yüksək estetik zövq bəxş edir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sənətçilərinin təqdim etdiyi bu möhtəşəm musiqi axşamı layihənin ən yaddaqalan tədbirlərindən biri kimi yaddaşlara həkk olundu. Qeyd edək ki, II Opera Günləri layihəsinin bağlanış mərasimi 30 iyun tarixində Cüzeppe Verdinin "Otello" operasının premyerası ilə baş tutacaq. İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az