Yay istisində rahat yatmağın yolları

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Gecə tez-tez oyanmaq, yuxuya getməkdə çətinlik çəkmək və səhər yorğun oyanmaq bu mövsümdə ən çox rast gəlinən problemlər sırasındadır. Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, 8 saat yatmağa baxmayaraq səhər dincəlməmiş hiss etməyin əsas səbəblərindən biri yataq otağındakı yüksək temperatur ola bilər. Bunun qarşısını almaq üçün yatmazdan təxminən 10 dəqiqə əvvəl nəm corabları dondurucuda saxlayaraq yatarkən geyinməyi tövsiyə edirlər. Qeyd olunur ki, ayaqlar bədən temperaturunun tənzimlənməsində mühüm rol oynadığı üçün sərin qalması orqanizmin yuxuya hazırlaşmasına kömək edir. Bundan əlavə, yatarkən qolları və ayaqları bir qədər açıq saxlamaq bədən ətrafında hava dövranını artırır, yan üstə uzanmaq isə bədəndə toplanan istiliyin daha rahat yayılmasına şərait yaradır. Eyni zamanda, sintetik yataq dəstləri əvəzinə pambıq və ya bambuk kimi təbii materiallardan hazırlanmış mələfə və örtüklərə üstünlük verilməsi məsləhət görülür. Bu materiallar hava dövranını yaxşılaşdıraraq gecə saatlarında istinin təsirini azaltmağa kömək edir. Mütəxəssislər gün ərzində kifayət qədər su qəbulunun da vacib olduğunu bildirirlər. Onların sözlərinə görə, yatmazdan dərhal əvvəl çox su içmək əvəzinə gün ərzində müntəzəm maye qəbul etmək həm bədən temperaturunun tənzimlənməsinə kömək edir. Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)