Zooparkdan qaçan meymunlar şəhəri bir-birinə qatdı — Fotolar

Taylandın Lopburi şəhərində yüzdən çox meymun zooparkdan qaçıb. “Qafqazinfo” xəbər verir ki, canlıların yaşayış məntəqələrini basmağı aidiyyəti orqanları hərəkətə keçirib. Məlumatına görə, meymunlar şəhərin küçələrində, bazar ərazilərində və yaşayış məhəllələrində görünməyə başlayıb. Heyvanların bir hissəsi mağazalara daxil olub, digərləri isə avtomobillərin üzərinə çıxaraq nəqliyyatın hərəkətinə maneələr yaradıb. Hadisədən sonra əraziyə xüsusi qruplar cəlb edilib. Səlahiyyətlilər meymunların tutulması və təhlükəsiz zonalara köçürülməsi istiqamətində əməliyyat həyata keçirirlər. Sosial şəbəkələrdə yayılan görüntülərdə meymunların damların üzərində qaçdığı, elektrik dirəklərinə dırmaşdığı və insanların toplandığı yerlərdə qida axtardığı əks olunub. Kadrlar qısa müddətdə geniş yayılıb və milyonlarla baxış toplayıb. Sosial şəbəkə istifadəçiləri hadisəni məşhur “Jumanji” filmi ilə müqayisə edib. Qeyd edək ki, sözügedən filmdə də meymunlar şəhərə axışır və burada əhalini təşvişə salır.