Fidanla Tunar dünən imtahan verməli idi - Atalarını xilas etmək üçün...
Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisində yerləşən Xaçınçay su anbarında baş verən və Yol Patrul Xidmətinin əməkdaşı Şərif İsgəndərovla iki övladının həyatını itirməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. Milli.Az-ın əldə etdiyi məlumata görə, Şərif İsgəndərov ailəsi ilə birlikdə övladlarının növbəti gün keçiriləcək buraxılış imtahanı öncəsi istirahət etməsi və vaxtlarını xoş keçirməsi üçün Xaçındərbənd kəndinə gedib. Məlumata əsasən, ailə Xaçınçay su anbarının yaxınlığında şəkil çəkdirərkən 12 yaşlı övladlarından biri ayağı sürüşərək suya düşüb. Şərif İsgəndərov dərhal övladını xilas etmək üçün suya atılıb. Onun həyat yoldaşının da köməyi ilə azyaşlı sudan çıxarılsa da, Şərif İsgəndərovun özü sudan çıxa bilməyib. Bu zaman atasının təhlükədə olduğunu görən qızı Fidan onu xilas etmək üçün suya atılıb. Ardınca oğlu Tunar da atasına və bacısına kömək etmək məqsədilə suya girib. Nəticədə Şərif İsgəndərov və hər iki övladı suda boğularaq həyatlarını itiriblər. Hadisə zamanı ərazidə olan şəxslər köməyə gəlsələr də, ata və iki övladının həyatını xilas etmək mümkün olmayıb. Ana da özünü suya atmaq istəsə də, ətrafdakı şəxslər buna mane olublar. Ailə yaxınları sosial şəbəkələrdə hadisə ilə bağlı yayılan "ailə suya çimməyə girmişdi" məzmunlu iddiaların həqiqəti əks etdirmədiyini bildiriblər. Onların sözlərinə görə, faciə övladlarından birinin suya düşməsindən sonra onu xilas etmək cəhdi zamanı baş verib. Ailə eyni zamanda sosial şəbəkələrdə yayılan əsassız məlumatların və süni intellekt vasitəsilə hazırlanmış videoların paylaşılmamasını xahiş edib. Qeyd edək ki, Şərif İsgəndərov uzun illər Yol Patrul Xidmətində çalışıb. Onun atası Şəmsəddin İsgəndərov da polis əməkdaşı olub. Şəmsəddin İsgəndərov 1990-cı ildə könüllü olaraq həmin dövrdə yaradılmış ilk polis batalyonuna qoşulub. O, Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və digər qaynar döyüş bölgələrində ön cəbhədə xidmət edib.Şəmsəddin İsgəndərovun son döyüşü 1992-ci il martın 8-də Qaraqaya istiqamətində olub. Həmin gün düşmən gülləsinə tuş gələn polis əməkdaşı şəhidlik zirvəsinə ucalıb. Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Şərh verin