“Atlas Group” ”Hitachi”nin Azərbaycandakı rəsmi distribüteri oldu — Fotolar

“Atlas Group” beynəlxalq tərəfdaşlıq şəbəkəsini daha da genişləndirərək dünyanın aparıcı sənaye və texnologiya şirkətlərindən biri olan Hitachi ilə strateji əməkdaşlığa başlayıb. “Qafqazinfo” xəbər verir ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən, “Atlas Group” Azərbaycanda “Hitachi” brendinin sənaye, tikinti və mədən avadanlıqları üzrə rəsmi distribüteri status qazanıb. Yeni əməkdaşlıq çərçivəsində “Atlas Group” “Hitachi” məhsullarının region üzrə rəsmi distribüteri olan ENKA şirkəti ilə əməkdaşlıq əsasında Azərbaycanda satış, texniki dəstək və servis xidmətlərinin göstərilməsini həyata keçirəcək. Məhsul portfelində xüsusilə tikinti və mədən sənayesində geniş istifadə olunan “Hitachi” ekskavatorları mühüm yer tutur. Bununla yanaşı, şirkət müxtəlif təyinatlı sənaye və ağır texnika həllərini də Azərbaycan bazarına təqdim edəcək. Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən “Hitachi” ağır texnika sahəsində etibarlılığı, məhsuldarlığı və uzunmüddətli istismar göstəriciləri ilə tanınır. Şirkətin ekskavatorları iri infrastruktur layihələrində, karxanalarda, mədənlərdə və tikinti sahələrində geniş tətbiq olunur. “Atlas Group” rəhbərliyinin sözlərinə görə, bu tərəfdaşlıq yerli şirkətlərin beynəlxalq standartlara cavab verən texnikalara daha rahat çıxış əldə etməsinə imkan yaradacaq: “Biz daim dünyanın aparıcı istehsalçıları ilə əməkdaşlıq edərək Azərbaycan bazarına ən etibarlı və müasir texnologiyaları gətirməyə çalışırıq. “Hitachi” kimi qlobal nüfuza malik bir brendin rəsmi distribüteri olmaq bizim üçün mühüm nailiyyətdir. Bu tərəfdaşlıq müştərilərimizə daha geniş məhsul seçimi, yüksək servis keyfiyyəti və beynəlxalq standartlara uyğun həllər təqdim etməyimizə imkan verəcək”. Bu əməkdaşlıq nəticəsində Azərbaycan bazarında fəaliyyət göstərən şirkətlər “Hitachi” avadanlıqlarını birbaşa rəsmi distribüterdən əldə etməklə yanaşı, zəmanətli servis, orijinal ehtiyat hissələri və peşəkar texniki dəstək xidmətlərindən də yararlana biləcəklər. Qeyd edək ki, “Atlas Group” həmçinin sənaye avadanlıqlarının istehsalında dünya nəhəngləri hesab olunan Atlas Copco, Epiroc, Deutz AG, Bauer kimi şirkətlərin Azərbaycanda rəsmi distribüteridir. Şirkət həm də Airblast, Elcometer, Cedima və digər nüfuzlu beynəlxalq istehsalçılarla tərəfdaşlıq edir.