“Məni axtar darıxanda” – İlqar Fəhminin yaradıcılıq gecəsi keçirilib – (Foto)

Beynəlxalq Muğam Mərkəzində yazıçı-dramaturq, AYB -nin katibi İlqar Fəhminin yaradıcılığına həsr olunmuş "Məni axtar darıxanda" adlı ədəbi-bədii gecə keçirilib. Milli.Az xəbər verir ki, tədbirdə çıxış edən Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir çıxış edərək İlqar Fəhminin çoxşaxəli yaradıcılığı, dramaturgiya, poeziya və publisistika sahəsində qazandığı uğurlar, eləcə də Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına verdiyi töhfələrdən söz açıb. Bildirilib ki, müəllifin əsərləri dərin fəlsəfi məzmunu, milli-mənəvi dəyərlərə söykənən ideyaları və özünəməxsus bədii üslubu ilə geniş oxucu auditoriyasının rəğbətini qazanıb. Müəllifin əsərləri Azərbaycan ədəbi fikrinin mühüm nümunələri olmaqla yanaşı, milli-mənəvi dəyərlərin, söz sənətinin və muğam mədəniyyətinin təbliğində də xüsusi əhəmiyyət daşıyır. Gecənin proqramı müəllifin yaradıcılığının müxtəlif istiqamətlərini əhatə edən musiqi və ədəbi kompozisiyalarla zəngin olub. Tanınmış xanəndələr İlqar Fəhminin qəzəllərinə muğam nümunələrini ifa edib, qiraət ustaları müəllifin şeirlərindən və dramaturji əsərlərindən seçilmiş parçaları səsləndiriblər. Həmçinin onun yaradıcılığı motivləri əsasında hazırlanmış səhnə kompozisiyaları təqdim olunub. Yaradıcılıq gecəsinin ən yaddaqalan məqamlarından biri tədbirin müəllifin öz aparıcılığı ilə keçirilməsi olub. İlqar Fəhmi çıxışı zamanı yaradıcılıq yolundan, əsərlərinin ərsəyə gəlmə tarixçəsindən, poeziya və dramaturgiyaya baxışından, sənətin insan həyatındakı rolundan söz açıb. O, müxtəlif dövrlərdə qələmə aldığı əsərlərlə bağlı maraqlı xatirələrini və düşüncələrini tamaşaçılarla bölüşüb. Musiqi, poeziya, muğam və bədii qiraətin harmonik vəhdətində keçən proqram iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Sənətin müxtəlif sahələrini bir araya gətirən yaradıcılıq gecəsi tamaşaçılara zəngin mənəvi-estetik təəssüratlar bəxş edib. İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)