“İnnovasiya yönümlü layihələrdən 860 mindən çox vəsait qazanılıb” — Rektor

“Bakı Ali Neft Məktəbinin (BANM) tələbə və müəllimləri son 1 ildə innovasiya yönümlü layihə və yarışlardan 860 min 811 manat məbləğində vəsait əldə edib”. “Qafqazinfo” xəbər verir ki, bunu BANM-in rektoru Elmar Qasımov bildirib. Rektor qeyd edib ki, BANM müəllimlərinin mentorluğu ilə tələbələrdən ibarət 40-a yaxın komanda yerli və beynəlxalq müsabiqələr və hakatonların qalibi olub: “Qalib komandalarımızın əldə etdiyi vəsaitlərin isə 570 min 900 manatı investisiyaların, 163 min 737 manatı mükafatların, 126 min 174 manatı qrantların payına düşür. Əldə olunan bu nəticələr Bakı Ali Neft Məktəbində innovasiya ekosisteminin uğurla inkişaf etdiyini, tələbə və müəllimlərin elmi-tədqiqat, sahibkarlıq və texnoloji innovasiya sahələrində yüksək potensiala malik olduqlarını bir daha nümayiş etdirir”.