“Hörmüzdə gəmilərə hücum edilib”
İran Hörmüz boğazında kommersiya gəmilərinə hücumları yenidən başlayıb. “Qafqazinfo” xəbər verir ki, bunu “Axios”a iki ABŞ rəsmisi bildirib. Qeyd edilib ki, İran ordusu bazar ertəsi gecəsi Hörmüz boğazından keçən kommersiya gəmilərinə azı iki raket atıb. Məlumata əsasən, hücum ABŞ və İran arasında boğazda hücumların dayandırılmasına dair əldə olunmuş bir həftəlik razılaşmanın müddəti başa çatdıqdan sonra baş verib. Bildirilir ki, İranın hücumları yenidən başlaması üç həftə əvvəl imzalanmış anlaşmanın pozulması riskini artırıb. ABŞ rəsmilərindən biri bildirib ki, raketlərdən biri neft tankerinə, digəri isə başqa bir ticarət gəmisinə dəyib. Onun sözlərinə görə, hər iki gəmi ciddi zərər görsə də, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) Hörmüz boğazında, Oman sahilləri yaxınlığında üzən bir tankerə naməlum mərminin dəydiyini və nəticədə gəmidə yanğın baş verdiyini açıqlayıb.

Şərh verin