Loren Bennet vəfat etdi
Britaniyalı müğənni, G.R.L. ("Girls Rock Life") qrupunun üzvü və dünya şöhrətli "Party Rock Anthem" hitində qonaq vokalçı kimi çıxış edən Loren Bennet 37 yaşında vəfat edib. Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, kədərli xəbəri sənətçinin təmsil olunduğu G.R.L. qrupu rəsmi Instagram hesabında yayıb. Qrup paylaşımında Loren Bennetin vəfatından dərin sarsıntı keçirdiklərini bildirərək onun xatirəsinin hər zaman yaşayacağını qeyd edib. Müğənninin ölüm səbəbi ilə bağlı hələlik heç bir rəsmi məlumat açıqlanmayıb. The Guardian nəşrinin yaydığı məlumata görə, Loren Bennet Böyük Britaniyanın Kent qraflığında anadan olub. O, ilk dəfə "The X Factor" layihəsində iştirak etməklə tanınıb, daha sonra "Paradiso Girls" qrupuna qoşularaq fəaliyyətini Los-Ancelesdə davam etdirib. 2009-cu ildə Lil Jon və Eve ilə birlikdə təqdim olunan "Patron Tequila" mahnısı ilə diqqət çəkən ifaçı, əsl dünya şöhrətini isə 2011-ci ildə LMFAO duetinin "Party Rock Anthem" hitində qonaq vokalçı kimi çıxış etdikdən sonra qazanıb. Sonrakı illərdə Loren Bennet Pitbullun iştirakı ilə səsləndirilən "Wild Wild Love", eləcə də "Ugly Heart" kimi məşhur mahnılarla tanınan G.R.L. qrupunun tərkibində musiqi fəaliyyətini davam etdirib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin