Ulduz futbolçu ferma qurub inək saxlamaq istəyir — Arzusu gündəm oldu - Fotolar
Norveç millisinin və “Mançester Siti” klubunun hücumçusu Erlinq Haalandın futbol karyerasını başa vurduqdan sonra fermerliklə məşğul olmaq istəməsi ilə bağlı açıqlaması yenidən gündəm olub. “Qafqazinfo” xəbər verir ki, 25 yaşlı hücumçu daha əvvəl südün sağlamlıq üçün faydalarından danışıb. Ötən il İngiltərənin Çeşir qraflığında yerləşən fermalardan birinə səfəri zamanı yayımladığı videoda südü “super qida” adlandıraraq onun sümüklər, əzələlər, dəri və ümumi sağlamlıq üçün faydalı olduğunu bildirib. İngiltərənin Lids şəhərində doğulan Haaland uşaqlıq illərini Norveçin Bryne şəhərində keçirib. O bildirib ki, kənd təsərrüfatı mühitində böyüməsi səbəbindən traktor sürmək və fermalarda vaxt keçirmək ona rahatlıq verir. Haaland hələ 2022-ci ildə ESPN-ə müsahibəsində futbolu başa vurduqdan sonra Brynedə kiçik bir ferma qurmaq arzusunda olduğunu açıqlamışdı. “Düşünürəm ki, karyeramı bitirdikdən sonra Brynedə kiçik bir fermam olacaq. Harada olacağını dəqiq bilmirəm, amma mütləq bir neçə heyvan saxlayacağam”, – deyə futbolçu bildirib. Qeyd edək ki, hazırda Dünya Çempionatında Norveç millisinin əsas simalarından biri olan Haaland turnirdə indiyədək yeddi qol vurub. Onun iki qolu Norveçin Braziliyanı mübarizədən kənarlaşdıraraq dörddəbir finala yüksəlməsində həlledici rol oynayıb. Komanda növbəti mərhələdə İngiltərə ilə qarşılaşacaq.

Şərh verin