Aİ “Apple”ın iddiasını rədd etdi
Avropa İttifaqının (Aİ) Baş Məhkəməsi ABŞ-nin texnologiya nəhəngi “Apple”ın Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində App Store və iOS əməliyyat sisteminin “gatekeeper” kimi tanınmasına qarşı qaldırdığı iddianı rədd edib. “Qafqazinfo” xəbər verir ki, Lüksemburqda yerləşən məhkəmə bununla da Avropa Komissiyasının 5 sentyabr 2023-cü il tarixli qərarını qanuni hesab edib və “Apple” üçün nəzərdə tutulan əlavə öhdəliklərin qüvvədə qalmasına qərar verib. Məhkəmə “Apple”ın müxtəlif cihazlar üçün təqdim olunan App Store versiyalarının ayrıca platforma xidməti kimi qiymətləndirilməli olduğu barədə arqumentini qəbul etməyib. Qərarda vurğulanıb ki, “iPhone”, “iPad” və digər “Apple” cihazlarında fəaliyyət göstərən tətbiq mağazaları fərqli cihazlara xidmət etsə də, eyni funksiyanı yerinə yetirərək tərtibatçıları son istifadəçilərlə əlaqələndirir və vahid platforma xidməti təşkil edir. Baş Məhkəmə həmçinin “Apple”ın iOS ekosisteminin daha qapalı saxlanılması ilə bağlı etirazlarını da əsassız sayaraq, Avropa Komissiyasının iOS-u “gatekeeper” platforma kimi tanıması qərarını qüvvədə saxlayıb. Beləliklə, “Apple”ın DMA çərçivəsində iOS və App Store ilə bağlı üzərinə düşən öhdəliklər qüvvədə qalacaq. Məhkəmə “Apple”ın iMessage xidməti ilə bağlı iddialarını isə prosessual əsaslarla rədd edib. Qeyd edək ki, Aİ-nin Rəqəmsal Bazarlar Aktı rəqəmsal bazarda rəqabəti gücləndirmək məqsədilə iri texnologiya şirkətlərinə alternativ tətbiq mağazalarına giriş, üçüncü tərəf ödəniş sistemləri, məlumat mübadiləsi və qarşılıqlı fəaliyyət kimi sahələrdə bir sıra öhdəliklər müəyyən edir. Qanunun tam qüvvəyə minməsindən sonra “Apple” Avropa bazarında alternativ tətbiq mağazalarına və üçüncü tərəf ödəniş sistemlərinə müəyyən dərəcədə çıxış təmin etməyə məcbur olub.

Şərh verin