“Ailə oturur, uşaqlar alır telefonu...”

“Bilmirəm, siz fikir verirsiniz, ya yox... Biz son zamanlar tez-tez müşahidə edirik. Ailə oturur, uşaqlar əllərinə alır telefonu onunla məşğul olur. Nə bir-birlərinə kitab tövsiyə edir, nə də söhbətlər edirlər”. “Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda bu gün təşkil etdiyi ictimai müzakirədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib. “Orta və yaşlı nəsli götürsək, onlar elektron imkanlardan o qədər də istifadə edə bilmir. Onlar üçün də rahatdır ki, uşaqlar ora-bura qaçmır. Valideyn ciddi diqqət yönəltmir ki, o uşaq telefonda nə ilə məşğuldur. Bizdə idman sahəsində nə qədər imkanlar yaranır. Hər bir ailədə uşaqlar idmanla, yaradıcılıqla məşğuldurmu? Bir çox istiqamətlər var ki, ailə mühitində məcburi formada diqqət yönəldilməlidir”, - komitə sədri qeyd edib. Nuranə Daxilqızı